27 May 2022 09:47
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazımızda Azərbaycan Cümhuriyyətinin işğalından sonra İrana getmiş mühacirlərdən ikisi (Əlihüseyn Qənbərzadə, İsfəndiyar Alpauti) haqqında məlumat vermişdik. Bu yazımızda Cəfər Cəfərli və Mirmehdi Şinasi haqqında bilgilər təqdim edirik.

Cəfər Cəfərli

İranda vəfat edən mühacirlərdən Cəfər Cəfərli haqqında məlumatı Mirzəbala Məhəmmədzadənin “Cəfər arkadaş” adlı yazısından öyrənirik:

“O, Bakının neft məntəqələrindən ən mühümünü təşkil edən Sabunçu kəndindən idi. Balaxanı, Zabrat, Ramana, Bülbülə, Əmircan, Suraxanı kimi on minlərlə fəhlənin çalışdığı, ixtilal hərəkatlarının mərkəzi olan bu kənddə bolşeviklərin güllələdiyi mərhum Ağabala Məcidzadə ilə bərabər ta 1914-cü ildən bəri Müsavat təşkilatının başında duran və rus hakimiyyəti ilə mücadilə aparan Cəfəri son dəfə yenə bu kənddə 1920-ci il aprelin 24-də iş başında görmüşdüm. Ondan üç gün sonra istila baş vermiş, vəhşi ruslar Azərbaycanı işğal etmişdi. Bir çox dostumuzu vəhşi istilaçılar güllələmiş, bir çoxu Xəzər dənizinin dalğalarına atılmış, bir çoxu Rusiyanın buzlu dənizlərinə sürgün edilmiş, bəziləri də məmləkəti tərk etmiş, yad ellərə, qonşu məmləkətlərə köçməyə məcbur olmuşdu. Yoldaşımız Cəfər də xaricə çıxanlardan idi. O vaxtlar mən ölkədə qalanlarla birgə gizli fəaliyyətə keçmiş, ilk nəslin çarlıqla mücadiləsi metodunu tətbiq etməyə məcbur olmuşduq. İllərlə çalışdıqdan sonra iki yol ayrıcında qaldıq: Ya ÇeKa zirzəmilərində mühakiməsiz güllələnmək, ya da xaricə çıxmaq!

Xəzərdə hakim olan müdhiş şimal rüzgarı (Xəzri yeli) qayığımızı Azərbaycanla İranın müştərək hüdud şəhəri olan Astaraya gətirmişdi. Pasportsuz gəldiyimiz üçün İranın sərhəd mühafizləri bizi ruslara təslim etməyə qərar vermişdi. Bu məqsədlə şəhəri ikiyə bölən Astara çayının üzərindəki körpüyə aparılarkən birdən qarşıma Cəfər çıxdı. Onun təşəbbüsü ilə neçənci dəfədir ki həyata qovuşduq. Bu hadisə 1924-cü ilin başlanğıcında idi. Cəfər o zaman Astara, Ərdəbil və Nemin tərəflərində çalışır, hüdudun ötə tərəfində, Lənkəran dağlarında davam edən üsyan hərəkatlarını, Azərbaycanda cərəyan edən hadisələri yaxından təqib edərək xaricdəki milli təşkilatlarımıza bildirirdi. Bolşeviklərin dəfələrlə həyata keçirdikləri intriqalara, sui-qəsdlərə, hiylə və oyunlara rəğmən Cəfər buralarda şərəfli vəzifəsini 1930-cu ilin sonlarına qədər davam etdirdi”.

Mirzəbala bəyin yazdığına görə, o illərdə Azərbaycanda partizan hərəkatı güclü şəkildə davam edirdi, buna görə də bolşeviklər kəndlilərə ağır işgəncə, zülm verirdilər. Nəticədə Azərbaycan kəndliləri qafilə şəklində İrana qaçırdılar: “Belə bir zamanda Cəfər gələn biçarələrin müraciət etdikləri yeganə adam olmuşdu. Bu zavallıların yerləşdirilməsi, qurtarılması, onların fəryadlarına tərcüman olub səslərinin mədəniyyət dünyasına eşitdirilməsi Cəfər üçün ən müqəddəs vəzifələrdən biri olmuşdu. Fəqət bolşeviklər fəaliyyətlərini davam etdirirdilər. Onlar Cəfəri ya öldürmək, yaxud hüduddan uzaqlaşdırmaq əzmində qəti idilər. Nəhayət, müvəffəq oldular. İran hökuməti nəzdində baş verən təşəbbüsləri nəticəsində Cəfər digər mühacir azərbaycanlılarla birgə Ərdəbil və Təbriz tərəflərindən İranın cənubuna sürgün edildilər. Cəfər Tehrana gətirilmişdi. Mühacirət, ehtiyac, məhrumiyyət Cəfərin yorulmaz və yılmaz dəmir vücuduna vərəm kimi bir xəstəliyi salmışdı. Tehranda xəstə yatan bu qoca partizan daha gənc yaşında ikən bu məhrumiyyətə, vərəmə və iztirablara dözə bilməyərək gözlərini əbədiyyən qapamışdır”.

Beləliklə, istiqlal mücahidlərindən Cəfər Cəfərli 1932-ci ildə Tehranda vəfat edib.

Mirmehdi Şinasi Azəri

Tehranda vəfat edən mücahidlərimizdən biri də Qarabağ üsyanlarında fədakarlıq göstərən Mirmehdi Şinasi Azəridir.

Mirmehdi bəy 1897-ci ildə Zəngəzurun Xələc kəndində doğulub. Ərəbcə və farscanı öyrənib. Pedaqogika kurslarından diplom alan Şinasi 1920-1928-ci illərdə Azərbaycanın müxtəlif yerlərində müəllimlik edib. Rus işğalına qarşı başlayan Qarabağ üsyanlarına qatılıb. Üsyanın yatırılmasından sonra 1929-cu ildə yoldaşları ilə birgə İrana keçib, ölənədək orada yaşayıb. Dörd övladı olub.

Onun yaxın dostlarından zəngəzurlu Əhəd Ural Şinasi haqqında bunları yazıb:

“... Mərhumun həyatı illərlə bolşeviklərə qarşı apardığı savaşlar, unudulmayacaq fədakarlıq və qəhrəmanlıqlarla dolu idi. Xüsusilə, Qarabağ üsyanlarında igidliyi və cəsurluğu ilə ün qazanmış nadir mücahidlərimizdən idi. 1929-cu ildə Cəbrayıl qəzasının Diridağ ərazisində ruslar bizi mühasirəyə almışdı, ölüm-dirim savaşı aparırdıq. Qurtuluş ümidimiz, demək olar ki, itmişdi. Mən də bu savaşda üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışırdım. Elə bu vaxt Qumluq kəndi tərəfdən bir süvari birliyin hücuma keçdiyini gördük. Rus çəmbəri qısa bir zamanda parçalandı və biz mühasirədən qurtulduq. Ruslar pərişan olmuşdu. Bizi mühasirədən qurtaran birliyin başında Mirmehdi Şinasini gördüyümüz zaman sevincimizin həddi-hüdudu yox idi”.

Mirmehdi Şinasi 1974-cü ildə vəfat edib, Tehranda da dəfn olunub.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər