Məqsədi ortaq, taleyi bir olan böyük şəxsiyyətlər Bakıda ehtiramla yad edilib.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Türk Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Bakıda Əhməd Baytusunulının 150, Hüseyn Cavidin 140 və Əhməd Cavadın 130 illik yubileylərinə həsr olunmuş konfrans keçirib.
AMEA-nın vitse-prezidenti və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, Qazaxıstanın L.Qumilev adına Avrasiya Milli Universitetinin professoru Amantay Şarip, tanınmış şair, tərcüməçi Kadırbek Kunipiyaulı, Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, qardaş ölkələrdən bir sıra alimlər və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları totalitar rejimin repressiyalarının qurbanları - qazax dilçiliyinin banisi Ə.Baytursınulı, görkəmli şair, dramaturq və filosof Hüseyn Cavidin, Azərbaycan himninin müəllifi Əhməd Cavadın taleyi ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Hüseyn Cavidin Türk Akademiyası və ədibin Ev Muzeyi tərəfindən rus dilində nəşr edilmiş “Seçilmiş pyesləri”nin təqdimatı da baş tutub.
Görüşdə vitse-prezident F.Məcidli akademik İsa Qəbbibəyliyə Türk dünyasında elmi, ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türk Akademiyasının “Əlişir Nəvai” Qızıl medalını təqdim edib.
Akademik İsa Həbibbəyli də öz növbəsində Türk Akademiyasına və təşkilatın rəhbəri Darxan Kıdırəliyə təşəkkürlərini çatdırıb.