28 May 2022 14:12
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 illik mühacirət həyatında Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadəyə bütün imkanları ilə dəstək olan, onun Türkiyə dövləti ilə münasibətlərini tənzimləyən bir şəxs olub: Məşhur siyasətçi, yazıçı, Türk Ocağının önəmli simalarından Həmdullah Sübhi Tanrıöver.

Rəsulzadədən bir yaş kiçik idi Həmdullah bəy. 1885-ci ildə İstanbulda doğulmuşdu. Köklü ailədəndi. Osmanlıda Tənzimat dövrünün görkəmli dövlət xadimlərindən və ilk Maarif naziri Əbdürrəhman Sami paşanın nəvəsi, Maarif naziri Əbdüllətif Sübhi paşanın oğlu idi. Anası isə Qafqazdan əsir olaraq İstanbula gətirilmiş çərkəz Ülfət Həvva xanımdı.

Soyadını ona Atatürk vermişdi. “Həmdullah” sözünün türkcə qarşılığı olaraq Tanrıöver soyadı uyğun görülmüşdü.

Həmdullah bəy ilk təhsilini Altunizadə və Nümunə-yi Tərəqqi edadilərində alıb, 1904-cü ildə isə Məktəbi-Sultanini (Qalatasaray liseyi) bitirib.

Bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olan Sübhi bəy II Məşrutiyyətdən sonra türkçülüklə bağlı qurulan Türk Dərnəyi, Türk Yurdu Cəmiyyəti, Türk Ocağı, Türk Bilgi Dərnəyi kimi təşkilatlarda aktiv fəaliyyət göstərib. 1919-cu ildə yunanların İzmiri tutmasının əleyhinə İstanbulda keçirilən mitinqlərdə diqqətçəkici nitqlər söyləyib.

Sonuncu Osmanlı məclisində Saruhan məbusu olub. İstanbulun işğalından və Türk Ocaqlarının qapadılmasından sonra Ankaraya gedərək Mustafa Kamal paşanın başlatdığı milli mücadiləyə qatılıb. 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinə daxil olub. Həmin il Maarif naziri də təyin edilib. “Hakimiyyəti-milliyyə” qəzetində milli mücadiləni dəstəkləyən yazılar qələmə alıb, 1923-cü ildə İstanbuldan millət vəkili olub. Ankarada Etnoqrafiya muzeyini quran Həmdullah bəy bu illərdə Türk Ocaqlarının da fəaliyyətini bərpa edib.

Türk Ocaqlarının qapadılması və yerində Xalq Evlərinin açıldığı dönəmlərdə Həmdullah bəy Buxarestə səfir göndərilib. 1931-1944-cü illərdə Rumıniyada səfir olub.

1943 və 1946-cı illərdə yenidən millət vəkili seçilib. 1950 və 1954-cü illərdə isə Demokrat Partiyanın siyahısından millət vəkili olub. 1957-ci ildə Hürriyyət Partiyasından seçkilərə qatılıb, lakin qazana bilməyib. Nəticədə siyasətdən ayrılıb. 1966-cı ildə vəfat edib.

Sübhi bəy Türkiyədə eyni zamanda ədəbiyyatçı kimliyi ilə tanınıb, bir neçə ədəbi əsəri nəşr olunub.

Həmdullah Sübhi bəy 1912-1932-ci illərdə Türk Ocağına sədrlik edib. Bu müddətdə Məhəmmədəmin Rəsulzadə ilə yanaşı işğal edilmiş Türk yurdlarından gələn mühacirlərə diqqət və qayğı göstərib.

Rəsulzadə Həmdullah bəylə böyük ehtimalla 1911-1913-cü illərdə İstanbulda olarkən tanış olub. Bu illərdə Rəsulzadənin ocağın rəsmi orqanı olan “Türk yurdu” dərgisində yazıları işıq üzü görüb. 1923-cü ilin yanvarında Rəsulzadə bu dəfə mühacir kimi gəldiyi İstanbulda yenidən Sübhi bəyin dəstəyini görüb.

Rəsulzadə bu illərdə İstanbulda “Yeni Kafkasya”, “Odlu yurd”, “Azəri-Türk” kimi jurnallar çıxarıb. 1930-cu ildə Avropadan geri qayıtmaq istəyərkən bir çox mühacir kimi onun da Türkiyəyə girişi qadağan edilib. Bunun səbəbi Türkiyə ilə SSRİ arasındakı münasibətlərin inkişafı idi. Avropada qalan Rəsulzadəyə bu dəfə də Sübhi bəy kömək edib. Bu illərdə Rəsulzadə Sübhi bəyə vəziyyəti ilə bağlı məktublar da göndərib.

20 noyabr 1929-cu ildə İstanbuldan yazdığı məktubunda Rəsulzadə ermənilərin Avropadakı təbliğati fəaliyyətlərindən, Kerenskinin müdirliyində nəşr olunan “Dni” qəzetində bir erməniyə yazdığı cavabdan bəhs edib. Həmin erməninin məqaləsini tərcümə edərək həm Həmdullah bəyə, həm də daxili işlər naziri Şükrü Kayaya göndərdiyini qeyd edib.

20 dekabr 1929-cu il tarixli İstanbuldan göndərdiyi məktubunda Rəsulzadə yenə erməni Hondkaryanın məqaləsinin kitab halında çap olunacağı məlumatını verib. Bu məktubda Rəsulzadənin Türkiyə vətəndaşlığına keçmək üçün müraciət etməsini, lakin “hələ ki, səbir etsin” cavabını aldığını öyrənirik. Bu məktubunda Rəsulzadə həmçinin azərbaycanlı müəllimlərdən Sürəyya xanımın işi ilə bağlı referans olub. Görünür, adıçəkilən gənc müəllim Sürəyya Talıbxanbəyli imiş.

Rəsulzadənin Həmdullah bəyə göndərdiyi növbəti məktubun tarixi 29 mart 1930, məkanı isə Parisdir. Demək ki, Rəsulzadənin Türkiyəyə girişi 1930-cu ilin əvvəlindən etibarən mümkünsüz olub. Bu məktubunda Rəsulzadə Türkiyəyə qayıtmasına icazə verilməməsini türklük üçün naxoş bir hadisə sayılacağını yazıb, Türkiyənin himayəsindən məhrum olmağının onun üçün acınacaqlı olacağını bildirib. Buna görə də bütün bunların qarşısının alınması üçün Həmdullah bəydən xahiş edib.

Eyni tarixdə Rəsulzadə əmisi oğlu Məhəmmədəli bəy vasitəsilə Həmdullah bəyə başqa bir məktub da göndərib, orada da Türkiyəyə girişinin qadağan edilməsinin qarşısının alınmasına çalışıb, bu dərdi görə-görə yaşamağın çətin olduğunu yazıb.

15 aprel 1930-cu ildə Parisdən göndərdiyi növbəti məktubunda Rəsulzadə məsələyə yenidən baxılmasını arzu edib, belə bir rəftara ancaq böyük qayə naminə dözülə biləcəyini bildirib.

Rəsulzadə növbəti məktublarını 4 may 1930-cu ildə və 20 iyun 1930-cu ildə Varşavadan göndərib. Burada Rəsulzadə Ədliyyə naziri Asəf bəyə yazdığı məruzəsinin ona çatıb-çatmamasını soruşub, əgər onun İstanbulda yaşaması hökumət üçün problem yaradacaqsa, başdan bildirilməsini istəyib.

Beləliklə, Rəsulzadənin İstanbula qayıtmaq vizası olduğu halda geri dönə bilməməsi ta 1947-ci ilədək davam edib.

Həmdullah bəyin dəstəyi

Sübhi bəy Rəsulzadənin yenidən İstanbula qayıtmasını həll edə bilməsə də, Buxarestdə səfir olduğu müddətdə ona köməklik edib.

15 mart 2021-ci ildə Türkiyə Diplomatiya Arxivindəki bəzi sənədlərin üzərindəki gizlilik götürülüb. Bu materiallardan Rəsulzadənin Avropadakı fəaliyyəti və Türkiyə ilə olan münasibətləri barədə maraqlı məqamları öyrənmək olur. Məsələn, 14 mart 1930-cu ildə Türkiyənin Varşava səfirliyindən göndərilən sənəddə yazılıb: “Bir ay yarımdan bəri Varşavada olan Rəsulzadə Əmin bəy səfirliyə hələ müraciət etməmişdir”.

Buradan aydın olur ki, Rəsulzadə Avropaya 1930-cu ilin fevralın əvvəlində gedib. Ondan sonra geri qayıda bilməyib. Avropada müxtəlif yerlərdə yaşayan Rəsulzadə, nəhayət, yenidən Həmdullah bəylə görüşüb. Professor Nəsiman Yaqublu bu barədə yazıb: “Rəsulzadə II Dünya müharibəsinin başlaması və Polşanın sentyabrın 1-də almanların, sentyabrın 18-də isə sovetlərin işğalı üzərinə bu ölkəni tərk edib. Köstəncədə dostu, Türkiyəni Rumıniyada böyükelçi olaraq təmsil etməyə gələn Həmdullah Sübhi Tanrıövəri qarşılayıb, onunla birlikdə Buxarestə gedib. Burada 1945-ci ilin əvvəllərinə qədər Tanrıövərin himayəsində “Kiryazi” otelində yaşayıb”

Almaniyanın Qafqaz planı və Rəsulzadənin Türkiyədən istəyi

Yenə gizliliyi ləğv edilən yeni sənəddən aydın olur ki, Rəsulzadə Almaniyadakı təmasları ilə bağlı Türkiyə dövlətinə məlumat verib.

1941-ci ilin avqustun 5-də Ankaradakı Almaniya səfiri fon Papenin İmperiya Xarici İşlər nazirliyi üçün hazırladığı “Pantürkist hərəkat” adlı geniş məruzədə mühacirətdə Azərbaycan istiqlal mübarizəsinin əsas lideri olan Məhəmmədəmin Rəsulzadənin əhəmiyyətindən bəhs edilib. Almanlar M.Rəsulzadə ilə hələ Alman-Sovet müharibəsi başlanmazdan əvvəl, 1941-ci ilin mayında əlaqə yaradıblar. Həmin vaxt Rəsulzadə Berlinə dəvət olunub, ona Almaniya hökumətinin Qafqaz məsələləri üzrə müşaviri olmaq təklif edilib. Rəsulzadə bu təklifə ilkin şərtləri irəli sürərək razı olduğunu bildirib: 1) Hələ Azərbaycan almanlar tərəfindən azad edilməzdən əvvəl azərbaycanlı könüllülər öz komandirlərinin rəhbərliyi altında müvafiq hərbi hazırlıq keçməlidirlər. Azərbaycan Komitəsi azərbaycanlıları hərbi əsir düşərgələrindən çıxarmaq hüququna malik olmalıdır; 2) Almaniyada yaşayan azərbaycanlılar üçün mətbuat azadlığı təmin ediləcəkdir; 3) Almaniyadakı bütün azərbaycanlılar legion üçün öz büdcəsinə malik olan bir Komitədə birləşəcəklər. 4) Azərbaycan almanlar tərəfindən azad edildiyi təqdirdə həm daxili, həm də xarici siyasətdə müstəqillik alacaqdır.

Almanlar bu təklifləri rədd edərək bildiriblər ki, Qafqazın gələcəyi ilə bağlı siyasi məsələlər region bolşeviklərin hökmranlığından azad edildikdən sonra həll ediləcək.

Tanrıövərin Xariciyyə vəkalətinə göndərdiyi 16 iyul 1941-ci il tarixli şifrəli raportunda Rəsulzadənin bu təmaslarından bəhs edilib:

“Rusiya müharibəsi başladıqdan sonra burada mültəci olaraq yaşayan Rəsulzadə Əmin bəyi Berlinə dəvət etdilər. Geri qayıdan Əmin bəy aşağıdakı məlumatı verdi.

Rozenberqin rəyasətində Rusiya əqəliyyətləri (azlıqları – D.Ə) işləri ilə məşğul olan dairə ona Qafqaz millətlərindən mütəşəkkil bir federasiya qurulacağını, bu ərazinin Rusiyadan tamamilə ayrılmasına qərar verildiyini bildirmişdir. Almaniya hökuməti orada vücuda gətiriləcək hökumətlər üçün xalqın etimadına haiz yerli mümtaz ricaldan kimsələri indi seçmək istəyir. Gürcülər və ermənilər Avropanın müxtəlif köşələrində bu məqsədlə çalışır. Təşkilata malik olduqları üçün indidən Berlində geniş fəaliyyətə keçmişlər. Orada vəzifə görəcək hökumətlərin intihab və tərtibinə böyük əhəmiyyət verilir. Gürcü və ermənilərin əksinə olaraq Qafqaz türkləri xaricdə çox az kimsəyə malikdir. Almaniya Türkiyənin hüdudlarındakı böyük türk kütlələrinə laqeyd qalmayacağını təxmin edir. Bu məqsədlə Əmin bəy bir neçə gün üçün buraya gələrək bu məsələ haqqında hökumətimizin hər hansı bir mülahizə və əmri varsa öyrənmək və eyni zamanda məmləkətimizdəki mültəci arkadaşları ilə təmas qurmaq istəyir. Ona veriləcək cavabı təbliğ etməyinizi rica edirəm”.

Göründüyü kimi Rəsulzadə almanların Qafqazla bağlı qurduqları planları Türkiyə hökumətinə birbaşa danışmaq və məsləhət almaq üçün Ankaraya gəlmək istəyib. Lakin Tanrıövərin teleqramına qoyulan dərkənardan aydın olur ki, hökumət buna izn verməyib: “Bu işlə əlaqədar olmadığımız və özünün Türkiyəyə gəlməsi mahzurlu olduğu məalində cavab verilməsi təqərrür etmiş. 18.07.1941”.

Göründüyü kimi hökumət onun Türkiyəyə gəlməsini hələ də problemli olduğunu, müharibəyə qatılmadıqları üçün Qafqaz məsələsi ilə maraqlanmadıqlarını qeyd edib.

Şübhəsiz ki, hələ ki Almaniya-Rusiya müharibəsi yeni başladığı üçün Türkiyə Qafqaz məsələsinə ehtiyatlı yanaşmaq məcburiyyətində idi. Milli mücadilə dövründən etibarən müttəfiqi olan Rusiyaya qarşı açıq müdaxiləyə girilməsi istənilməyib. Amma sonrakı dövrdə görəcəyik ki, Əli Fuad Erden (1883-1957) və Hüseyn Hüsnü Emir Erkilet (1883-1958) kimi əməkli türk generalları Almaniyaya gedəcəkdilər. Bu generalların Türkiyə hökumətinin kontrolu xaricində səfər etmələrini düşünmək mümkünsüzdür.

Rəsulzadəyə maddi dəstək

Yeni məlum olan sənədlərdən biri də Türkiyə hökumətinin Avropada yaşayan Rəsulzadəyə maddi dəstək verməsidir. Buxarest səfirliyindən Ankaraya göndərilən 22 iyun 1944-cü il tarixli şifrəli teleqramda yazılıb: “Rumıniyanı tərk edəcək olan Rəsulzadə Əmin yol məsrəflərinə qarşılıq olaraq 300 İsveçrə frankı göndərilməsini və ona hər ay edilən yardıma davam edilməsini zati-dövlətlərindən istirham etməkdədir. Bir an əvvəl hərəkət etməsi üçün 300 frankın teleqramla göndərilməsini rica edirəm”.

Buna cavab olaraq hökumətin Buxarest səfirliyinə göndərdiyi 18 iyul 1944-cü il tarixli sənəddə yazılıb: “İsveçrəyə qədər yolpulu və aylıq yardım olaraq Rəsulzadə Əminə verilmək üzərə 195.30 lirə müqabili 636.65 İsveçrə frankının 7 iyul tarixində Şefkati İstinyeli adına Sürixdəki Union de Banques Suisses-ə teleqram havaləsi ilə göndərildiyini ərz edirəm”.

Yazışmalardan aydın olur ki, Türkiyə hökuməti Rəsulzadəyə daha öncə də dəstək olub, indi isə təcili şəkildə hərəkəti üçün köməyin davam etdirilməsi istənilib. Çünki ruslar artıq Buxarestə gəlmək üzrə idilər...

Yenidən Həmdullah Sübhi bəy

Rəsulzadənin Rumıniyada Türkiyə səfirliyində tanış olduğu Kənan Kocatürk xatirələrində Rəsulzadənin 1947-ci ildə Türkiyəyə qayıtmasına Həmdullah bəyin kömək etdiyini yazıb: “... Həmdullah Sübhi Tanrıövərin hökumətimiz nəzdindəki təşəbbüsləri və ötən dövrlərdəki kimi onun əmri və mənim də əlaqələrim nəticəsində çox çətinliklə qarşılaşmadan qısa zamanda Rəsulzadə ilə xanımının Türkiyəyə gətirilməsini təşkil etmişdik”.

Nəhayət, 1947-ci ilin sentyabrında Rəsulzadə Türkiyəyə gəlib. 1953-cü il mayın 30-da İstanbulda bir sıra jurnalistlərlə birlikdə Rəsulzadənin də mətbuat həyatının 50-ci ildönümü münasibətilə tədbir keçirilib. Həmin tədbirdə Həmdullah Sübhi bəy də çıxış edib, Rəsulzadədən bəhs edib.

M.Rəsulzadə vəfat etdiyi zaman Həmdullah bəy İstanbulda keçirilən törəndə nitq söyləyib: “Ustadı uzun illərdən bəri tanıyıram. Onunla məmləkətin həm daxilində, həm də xaricində çalışmışıq. Əminlə “Türk Yurdu”nda “Türk Ocağı”nda, Ankarada və Buxarestdə bir yerdə olmuşuq, çox qiymətli arkadaşımızı itirdik”.

Beləliklə, Türkiyənin görkəmli ictimai-siyasi xadimi, diplomat, yazıçı Həmdullah Sübhi bəylə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə arasındakı dostluq, yoldaşlıq münasibəti haqqında daha geniş məlumatların əldə edilməsi, yazılması gərəklidir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər