Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.
Teleqraf.com xəbər verir ki,buarada cəza çəkən 3 məhkuma əfv sərəncamı şamil edilib. Onların hər üçünə əfv olunmaları ilə bağlı sənəd təqdim edilib.
Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır. O, narkotik qaçaqmalçılığında ittiham edilib. Rəsul Kondaç əfv olunması üçün Prezidentə təşəkkür edib, bir daha cinayət törətməyəcəyini deyib: "23 ildir Azərbaycana gəlib burada işləmişəm. Bir daha belə cinayət törətməyəcəm, narkotikdən uzaq duracam. Belə işlə məşğul olan deyiləm".
Digər məhkum Möhüb Rüstəmov da azadlığa buraxılmasını sevinc hissi ilə qarşıladığını deyib. Bildirib ki, oğurluq və hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə həbs olunub: "Həbsxanada olduğum dövrdə çox düşündüm. Azadlığa çıxandan sonra özümə yeni həyat quracam. Köhnə vərdişlərimdən əl çəkəcəm, köhnə tanışlarımdan uzaq duracam".
Məhkum deyib ki, onun bir anasından başqa heç kimi yoxdur: "Anam yolumu gözləyir. Mən də onu sevindirəcəm. Bir daha bura qayıdan deyiləm. Anamın qulluğunda dayanacaq".
12 saylı cəzaçəkmə müəssisəsində iki məhkuma əfv sərəncamı şamil edilib. Onlarda bir nəfəri cəzasının çəkilməmiş hissəsindən azad edilib. Digər məhkumun isə cəzası azaldılıb.
16 saylı cəzaçəkmə müəssisəsində isə əfvə 3 məhkum düşüb. Həmin şəxslər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar. Əfv edilən şəxslərdən biri İran, ikisi isə Azərbaycan vətəndaşıdır.