Milli Məclisin "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Komitə sədri diqqətə çatdırıb ki, bütövlükdə 2021-ci ilin dövlət büdcəsi qəbul olunan zaman gəlirlərin 25 mlrd 427 milyon, xərclərin 28 mlrd 543 milyon, kəsirin 3 mlrd 116 milyon, Ümumi Daxili Məhsulun artım tempinin 3,4 faiz, qeyri-neft sektorunun artım tempinin 3,1 faiz, inflyasiyanın 3,7 faiz, neftin 1 barrelinin qiymətinin 45 dollar olacağı proqnozlaşdırılıb. Lakin ötən il pandemiya ilə bağlı karantin rejiminin yumşaldılması bu rəqəmlərə öz təsirini göstərib.
Hesabat ilində dövlət büdcəsinin mədaxili 26 milyard 396 milyon manat olmaqla, proqnoza qarşı 969 milyon manat və yaxud 3,8 faiz artıq icra edilib. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 12 milyard 860 milyon manat və yaxud 110,4 faiz, proqnozdan isə 10,4 faiz çox icra olunub.
T. Mirkişili bildirib ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96,1 faiz və yaxud 27 milyard 422 milyon manat səviyyəsində icra edilib.
Ötən ilin icmal büdcəsinin gəlirləri 23 milyard 828 milyon manat proqnoza qarşı 33 milyard 904 milyon olub.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı çıxışı zamanı deyib ki, 2021-ci ildə işğaldan azad olunan torpaqlarda Prezident İlham Əliyevin strategiyası əsasında bərpa işlərinə başlanılıb.
O əlavə edib ki, 2021-ci ilin dövlət büdcəsində ilk dəfə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinə başlanılıb və bu, büdcə zərfində nəzərdə tutulub.
Hesablama Palatasının sədri qeyd edib ki, ötən il həm də pandemiya şəraitində fəaliyyət göstərilib. Bildirib ki, 2021-ci ildə iqtisadi fəallığın artması post-pandemiya dövründə infilya ilə müşahidə edilib. Onun sözlərinə görə, büdcə nizamı ilə bağlı Hesablama Palatası öz təkliflərini təqdim edib. Vüqar Gülməmmədov əlavə edib ki, 2021-ci ildə infrastruktur layihələrinə üstünlük təşkil edib.
Hazırda Hesablama Palatasının sədri çıxışını davam etdirir.