Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Milli Məclisinin Mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.
Bu barədə Teleqraf.com-a MSK-nın media və ictimai əlaqələr şöbəsindən məlumat verilib. MSK sədri Məzahir Pənahov və komissiyanın üzvləri seçki bülletenlərinin çap olunması prosesi ilə tanış olublar. KİV tərəfindən işıqlandırılan proses barədə danışan M.Pənahov qeyd edib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Belə ki, seçki keçiriləcək 1607 bələdiyyənin hər biri üçün ayrı olmaqla, ümumilikdə 4 milyon 976 min 302 ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.
Artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış bələdiyyələr üzrə seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır və bundan sonra çap olunmuş seçki bülletenləri səsvermə gününə azı 5 gün qalmış MSK-dan dairə seçki komissiyalarına, azı 3 gün qalmış isə dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir.
Qeyd edək ki, seçki bülletenlərinin çapı prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Səxavət