Şəki Olimpiya İdman Kompleksində Şəki Şəhər İcra Hakimiyyəti, YAP Şəki Təşkilatı, Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin dəstəyi ilə iki gün davam edəcək Könüllülük üzrə Gənclərin I Regional Forumunun açılışı olub.
Teleaparıcı Murad Həşimovun aparıcılığını etdiyi forumun keçirilməsində əsas məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.9. “Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi”bəndinin icrasını təmin etmək, bu məqsədlə region üzrə aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qruplar, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirmək, həmçinin gəncləri ətraf mühitin qorunması tədbirlərində, QHT-lərin həyata keçirdiyi layihələrdə könüllü iştirak etməyə cəlb etməkdir.
Tədbirin keçirilməsi, həmçinin, gələn il Azərbaycanda birinci AvropaOlimpiya Oyunlarının baş tutacağı ərəfədə könüllülərə ehtiyacın yaranması zərurətindən irəli gəlir.
Forumda Şəki şəhərinin, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının gənclər və idman idarələrinin rəhbərlərinin və əməkdaşlarının, həmin şəhər və rayonları təmsil edən fəal gənclərin, gənclər təşkilatlarının üzvlərinin, respublikanın nüfuzlu gənclər təşkilatlarının rəhbərlərinin, həmçinin ictimaiyyətin nümayəndələri – ümumilikdə 300 nəfər iştirak edib.