29 Noyabr 2014 15:56
4 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gələn ilin ikinci yarısından böyük infrastrukturun tikintisinə başlanacaq"

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və ona edilmiş əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası davam etdirilməkdədir.

210 min məcburi köçkün mənzillə təmin olunub

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Elçin Qədimovun bildirdiyinə görə, indiyədək ümumilikdə 89 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evləri tikilib, 46 min məcburi köçkün ailəsi və ya 210 min nəfər məcburi köçkün mənzillə təmin olunub: "Həmin illər ərzində hərtərəfli infrastruktura malik məktəb, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizə düşüb".

"10 mikrorayon salınacaq"

Qaçqın və məcburi köçkünlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması layihələri sırasında 10 mikrorayonun salınması da var. E.Qədimovun sözlərinə görə, hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır: "Bu ərazilərdə müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər yaxın iki-dörd il ərzində Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisindən ayrılmış yeni böyük yaşayış massivinə köçürüləcək. Tikiləcək yeni yaşayış massivi müasir standartlara cavab verəcək, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacaq. Qobu məcburi köçkün yaşayış massivinin layihə işlərini "Azərinşaatlayihə" Layihə-Konstruktor və Texnologiya İnstitutu həyata keçirir. Yaşayış massivində 1200 şagird yerlik 10 məktəb binası, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə obyektləri, mədəniyyət və bədən tərbiyəsi müəssisələri tikiləcək.

Yaşayış massivində şəhər layihəsinə uyğun olan bütün infrastruktur nəzərə alınıb. Qobu məcburi köçkün yaşayış massivində ümumilikdə 204 yaşayış binası inşa ediləcək. Yaşayış massivində hər birində 9 min nəfər olmaqla 10 mikrorayonun salınması nəzərdə tutulub.

Artıq Qobu yaşayış massivinin ərazisində geoloji kəşfiyyat işləri də aparılıb. Belə ki, burada 3250 kəşfiyyat quyusu qazılıb və ərazinin yaşayış üçün yararlı olduğu dəqiqləşdirilib".

Qobuya 12 min ailə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Tikinti şöbəsinin müdiri Ələddin Məmmədovun sözlərinə görə, təkcə Dövlət Neft Fondunun hesabına 3300 ailəlik mənzillərin tikintisi planlaşdırılır: "Hazırda ən böyük layihə Qobu qəsəbəsində aparılan işdir. Orada 252 yataqxanada məskunlaşmış 12 min ailənin köçürülməsi nəzərdə tutulub. Artıq orda layihə işləri gedib. Belarusiyanın iki layihəçi mütəxəssisi ora cəlb olunub, böyük bir şəhər salınacaq. Çox güman ki, gələn ilin ikinci yarımilində biz o böyük infrastrukturun tikintisinə başlayacağıq".

Ə.Məmmədovun sözlərinə görə, Beyləqan rayonu ərazisində 320 ailə üçün qəsəbə salınıb: "Artıq qəsəbə tikilib başa çatıb, yaxın zamanlarda məcburi köçkün ailələri ora köçürüləcək. Saatlı rayonu ərazisində isə 230 ailəlik qəsəbənin tikintisi başa çatmaq üzrədir".

Hacıqabulda 101 köç...

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmi saytında isə xəbər verilib ki, Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbə bütövlükdə 101 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Qəsəbənin tikintisi tam başa çatdırılıb və hazırda Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbəyə məcburi köçkünlərin köçürülməsinə başlanılıb ki, bu proses yaxın zamanlarda yekunlaşacaq.

Bu tikinti Prezidentin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub. Ümumilikdə 30 hektar sahəni əhatə edən qəsəbənin ərazisində də, digər yerlərdə olduğu kimi, müasir standartlara cavab verən 150 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ambulatoriya, poçt binası da tikilib.

Yeni yaşayış qəsəbəsi daimi elektrik, qaz, su ilə tam təchiz edilib.

Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. İdman zalı da bütün zəruri avadanlıqla təchiz olunub.

Məcburi köçkün ailələrinə yeni qəsəbələr

Əldə etdiyimiz məlumata görə, 2015-ci ildən başlayaraq rayonlarda 4288 ailəlik yaşayış massivləri inşa olunacaq. Belə ki, Bərdədə 588, Qazaxda 300, Kürdəxanıda 800, Ağdaşda 320, Ucarda 500, Şirvanda 600 ailəli yeni yaşayış massivləri salınacaq.

Füzuli rayonunda fin qəsəbəsində məskunlaşan 400 ailə üçün isə elə həmin qəsəbənin yaxınlığında yeni və müasir tipli qəsəbə tikiləcək.

Rayonun "Qayıdış" qəsəbəsinin redaktoru Məcnun Namazəliyevin bildirdiyinə görə, 400 ailəlik yeni qəsəbə daş evlərdən ibarət olacaq və 2 mindən çox məcburi köçkünün məskunlaşmasına şərait yaradılacaq.

"Vaqonlardan daş evlərə köçürüləcəklər"

M.Namazəliyev dedi ki, gələn ilin yanvarından bu evlərin tikintisinə başlanacaq. Onun ardınca isə 780 məcburi köçkün ailəsi üçün "Qayıdış" qəsəbəsinin yaxınlığında yeni qəsəbə salınacaq ki, bu ailələrdə çovustan tipli, fermalar və bu kimi şəraitsiz yerlərdə məskunlaşan 3700-3800 məcburi köçkünümüz üçün nəzərdə tutulub.

İlhamə


Müəllif:

Oxşar xəbərlər