13 İyun 2022 13:17
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günüdür. Bu şanlı tarix səhifəsini yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Ümummilli Lider Heydər Əliyevdir.

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın, ziyalıların xahişi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və beləliklə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Məhz buna görə də tariximizə Milli Qurtuluş kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük dəstəyi ilə ölkə Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.

Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Ulu Öndər Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır. Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan 2003-cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda mühüm tarixi nailiyyətlərə, parlaq qələbələrə imza atıb və ötən dövr Azərbaycanın yeni və şərəfli bir inkişaf mərhələsidir. Təbii ki, müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, ölkəmizi firavan gələcəyə doğru aparan yol məhz Milli Qurtuluş Günündən başlanır. Ona görə də Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Ümummilli Lider müstəqil və sabit inkişaf edən müasir Azərbaycan dövlətini yaratmaqla yanaşı xalqımız və dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib – milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib. Bu Heydər Əliyev dühasının zirvəsi idi. 2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi. Artıq dövlət mütəqilliyimiziin qurtuluşundan başlanan yol işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışla nəticələnir.


Müəllif: Əhliman Əmiraslanov