13 İyun 2022 16:18
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Şamaxı-Bakı yolunda Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət sərnişin avtobusu qəzaya düşüb. Baş verən hadisə bir daha bu kimi hallarda kimin məsuliyyət daşıması məsələsini gündəmə gətirib. Təhlükəsizliyə cavabdeh tərəf kimdir?

Təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlamasında bildirib ki, bütün hallarda şagirdlərin başına gələn hadisələrə görə günahkar və səbəbkar məktəblərdir:

“Necə olur ki, məktəbdənkənar hansısa yarışda, olimpiyada qalib gələndə uğur məktəbin adına yazılır, amma bu tipli hadisələrdə uğursuzluq məktəbin olmur? Əlbəttə, gün ərzində uşaqların da iştirakçısı olduğu yol nəqliyyat hadisələri baş verir. Heç kim məsuliyyəti kənara çəkməsin. Bu gün orta məktəblərdə baş verən hadisələr göz önündədir. Məktəb rəhbərliyi məktəbdənkənar hallara nəzarət etmədiklərini deyir. Guya məktəb daxilində baş verənlərə nəzarət edirlərmi?”

Təhsil ekspertinin fikrincə, şagirdlərin iştirakı ilə məktəbdənkənar hər bir səfər üçün mütləq şəkildə məktəb direktoruna məlumat verilməlidir: “Məktəb direktoru da öz növbəsində yuxarı təhsil qurumuna bu barədə məlumat verməlidir ki, onların təhlükəsizliyini müəyyən qurumlar təşkil edə bilsinlər. Bu, məsuliyyətsizlikdir. Əgər bir sinifin şagirdlərini müəllimlərin iştirakı ilə gəzməyə aparmısınızsa, bununla bağlı təhsil qurumları məlumatlı olmalıdırlar.

Məsələn, təhsil naziri Emin Əmrullayev son zəngin keçirilməsi ilə bağlı qərar qəbul verib. Qərarda qeyd olunur ki, bütün proseslər məktəb ərazisində təşkil edilsin. Fikrimcə, çox düzgün qərardır. Yəni, kənarda hansısa hadisə baş verərsə, məsuliyyəti bizdə deyil. Hesab edirəm ki, tətillər, ekskursiyalarla bağlı da bir təlimat verilməlidir. Məktəb və yuxarı təhsil qurumunun razılığı ilə səfərlər təşkil olunarsa, məsuliyyət hər kəsin öz üzərindədir. Amma biz bu gün bunu görə bilmirik. Bu, ciddi məsələdir.

Fikrimcə, şagirdlərin bu tip kollektiv tədbirlərdə iştirakı tamamilə məhdudlaşıdırılmalıdır ki, məsuliyyət məktəb üzərindən qalxsın. Proses tam araşdırılmalıdır. Turu təşkil edən şirkətlərin kimliyi, təhlükəsizliyin təmin olunması ciddi məsələdir, məktəb də məsuliyyət daşıyır”.

Xatırladaq ki, qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər lV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub. Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə bir günlük gəzinti-istirahət məqsədilə təşkil olunub.


Müəllif: Aysel Azad