30 Noyabr 2014 02:32
2 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqımızın əsrlər boyu yaradıb yaşatdığı dastanlardan biri də “Dədə Qorqud” dastanıdır. Bu dastanda adı çəkilən bir çox qəhrəmanlar var. Xalq bu qəhrəmanlar barəsəində əsrlər boyu müxtəlif əfsanələr, rəvayətlər yaradıb. Buna görə də bu qəhrəmanların adı günümüzə qədər gəlib çatıb.

“Dədə Qorqud” boylarında adı keçən bu cür qəhrəmanlardan biri də Qaraca Çobandır. El arasında Qaraca Çoban özünün igidliyi ilə bərabər, güclü sapand atması ilə də seçilib. Rəvayətə görə, onun yaşadığı kəndə oğrular gələ bilməyib. Belə ki, Qaraca Çoban Qaraçuğ kəndindən sapandla iri daşlar ataraq kəndi yadlardan qoruyub.

Hazırda Xocavənd rayonu ərazisindəki Nərgiztəpədə olan qədim qəbristanlıqdakı iri daşlar, inanclara görə, Qaraca Çobanın Qaraçuğ dağından sapandla atdığı daşlardır.

Teleqraf.com-un əməkdaşının bildirdiyinə görə, Qaraca çobanın da qəbrinin olduğu iddia edilən bu məzarlıq Mədəniyyət və Turizm Nazirliyində 1116 nömrəli invertar kimi qeydiyyata alınıb. Bir çox mənbələrdə Nərgiztəpə abidələrinin Tunc dövrünə aid olduğu deyilir. Lakin Xocavənd rayon mədəniyyət və turizm şöbəsinin müdürü Ramiz Balakişiyev abidənin dəqiq yaşının bəlli olmadığını, buna görə də araşdırmaya ehtiyac olduğunu deyib.

Qəbristanlığın yerləşdiyi ərazi erməni işğalında olduğu vaxt başdaşılarının bir neçəsi güllələnərək zədələnib.

İstər həqiqət olsun, istərsə də xalqın yaratdığı mifik bir qəhrəman. Unutmaq lazım deyil ki, xalqımızın adı və tarixi ilə bağlı olan hər bir ərazini, hər bir daş parçasını qorumaq vətəndaşlıq bocumuzdur. Axı bu xalqımızın adı ilə bağlıdır.

Əməkdaşımızın Nərgiztəpədəki qədim qəbristanlıqdan çəkdiyi görüntüləri təqdim edirik.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər