17 İyun 2022 12:30
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Büdcə icrası haqqında qanun layihəsi və büdcənin icrası imkan verir ki, bəzi sahələrə yenidən diqqət edək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat əlavə edib ki, büdcə gəlirlərinin əsas hissəsini dövlət müəssisləri ödəməlidir: “Ancaq diqqət edəndə görürük ki, Vergilər Xidməti yolu ilə toplanan vergilər 8,5 milyard təşkil edib. Bunun 1,8 faizini dövlət müəssisələri ödəyib. Bu o deməkdir ki, bu qurumlar vergi ödəmir. Belə olan halda sual olunur ki, bu müəssisələr niyə özəlləşdirilmir? Bəzən deyirlər ki, bu, doğru yol deyil. Bəs hansı yol olmalıdır?”.

Q.Həsənquliyev bildirib ki, büdcədə nəzərdə tutulan elm xərclərinin müəyyən hissəsi də icra edilməyib. O, bunu anlamadığını qeyd edib və bildirib ki, əslində bu sahəyə daha çox maliyyə ayrılmalıdır: “Başqa ölkələrlə müqayisə aparmaq olar. Yaponiyada gəlirlərin 3,2, Finlandiyada 2,76 faizi elmə ayrılır. Biz niyə müasir silahları İsraildən alırıq? Ona görə ki, İsraildə elmə bizdən 20 dəfə çox maliyyə ayrılır. Elmə pul ayrılmadan onu inkişaf etdirmək olmaz”.

Deputat eyni zamanda xatırladıb ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ona ayrılan vəsaitin 11 faizini icra etməyib: “Olmazmı yoxsul insanların gəlirləri yoxlanılsın, əgər lazımdırsa ehtiyac meyarı artırılsın və bu maliyyə kasıb təbəqəyə verilsin. Mən hesab edirəm ki, bu, kasıb, yoxsul insanlara verilə bilərdi. Nazirlik 5 ildir bu işlə məşğuldur. Əslində qeyri-qanuni məsələlərin qarşısını 5-6 ay ərzində almaqla məsələni başa çatdırmaq olar. Hesab edirəm ki, ora əlil və ya kasıbçılığı görən biri təyin edilsəydi, başqa cür düşünərdi”.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu vəzifəyə 2018-ci ilin aprelində təyin edilib.


Müəllif: Nemət