20 İyun 2022 21:27
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə müəllim işləyən türküstanlı mühacirin xatirəsi

Türküstan mühacirətinin görkəmli simalarından Tahir Şakirzadə Çağatay 1902-ci ildə Daşkənddə doğulub. İlk təhsilini Ufa şəhərində alıb, ardınca Bakıda müəllim məktəbində təhsil almaq üçün Azərbaycana gəlib. Bir müddət Şəkidə çalışıb. 1921-ci ilə qədər Azərbaycanda qalıb, buradakı ictimai-siyasi həyatın şahidi olub. 1922-ci ildə ali təhsil almaq üçün Almaniyaya gedib. Heidelberg Universitetindən məzun olub. Türküstanlı mücahid Mustafa Çokayın yanında yer alıb, “Yaş Türküstan” dərgisinin qurucularından olub. 1939-cu ildə Türkiyəyə yerləşib. Önəmli əsərlər yazan professor Tahir Çağatay 1984-cü ildə Bursada vəfat edib.

Tahir bəy Şəkidə müəllim işləyərkən Azərbaycan Cümhuriyyətinin birinci ildönümünə və işğal dövrünə şahid olub. Sonralar məktub və çıxışlarında bu hadisələrdən bəhs edib. Tahir bəyin xatirələrini təqdim edirik:

***
1919-cu ilin 28 mayını Şəkidə qeyd etmişdik. O gün şəhər və ətrafındakı kəndlərdən yığılan bütün məktəblilərin günəşli isti gündə bütün evləri, küçələri bəzəyən üçrəngli milli Azərbaycan bayrağının kölgəsində şəhərin geniş küçəsi boyunca oxuduqları bu:

Türküstan yelləri öpüb alnını,
Söyləyir dərdini sənə, bayrağım.
Üç rəngin əksini Quzğun dənizdən
Ərməğan yolla sən yara, bayrağım!

şərqisinin əks-sədası bu gün də qulaqlarımızdadır.

Azərbaycan milli ordusunun gur səslə
Yol ver bizə, qoca Kaspi
Türküstana varacağız...

marşını oxuyaraq hündür damlara və geniş küçələrə yayılmış Azərbaycan xalqının həyəcanlı alqışları içində uzun küçədən şəhərin Yuxarıbaş qismindəki Şəki qalası adlı kurqana tərəf irəliləməsi... Bu həyəcanlı gözəl mənzərə bu gün də gözlərimizin önündə canlanır.

***
... Mən o zaman Şəkidə idim. Şimali Qafqazı tamamilə işğal etmiş Qırmızı Ordu Azərbaycanın hüduduna çatmışdı. Türküstan bu istilaya qarşı şiddətli mücadiləyə davam edirdi. Hər zaman və hər yerdə etdikləri kimi Azərbaycanda da silahlı qüvvətlər hüdudu aşmağa hazırlanarkən istilaçı güclərin beşinci kolonları içəridə pozuculuq edirdilər. Azərbaycan parlamentində Əliheydər Qarayev kimi kommunist məbusların həyata keçirdikləri bu pozuculuq fəaliyyətləri xalq arasına da yayılmışdı...

27 aprel hadisəsindən əvvəlki günlərin birində Şəkiyə bir heyət gəlmişdi. Bu heyətin şərəfinə qəssab Hüseynin Yuxarıbaş məhəlləsindəki evində ziyafətli yığıncaqlar keçirilirdi. Şəkinin müxtəlif ziyalı zümrələrinin iştirak etdikləri bu yığıncaqlar bir çox gecələr davam etmişdir. Bu yığıncaqlarda mən də o zamankı orta məktəbin müəllim heyətindən biri kimi iştirak edirdim.

Çox hərarətli müzakirələrin olduğu bu yığıncaqlarda Azərbaycanın istiqlalını müdafiə edən fikirlə müxtəlif amillərin təsiri ilə istiqlalçılıq düşüncəsindən vazkeçmə fikrinin mübarizəsi gedirdi. Səmimi bir müşahidəçi üçün bu mənzərə son dərəcə acınacaqlı idi.

Yığıncaqlarda istiqlalçılığı və istiqlal üçün mücadilə fikrini açıq şəkildə müdafiə edənlər Şəkinin müsavatçıları idilər. Ən açıq və aydın fikirləri Şəki müsavatçılarının öndə gedənlərindən Dr. Abbas Qədimoğlu, Məhəmmədəli Xəlfəzadə önə sürürdülər. Qoçuluqdan bələdiyyə rəisliyinə qədər yüksəlmiş Azaq dayı və yoldaşları, eləcə də zəngin təbəqənin nümayəndələri qorxunc şəkildə istiqlalçılıq və müsavatçılığın əleyhdarı idilər. “Əhrar” və “İttihad” partiyalarının nümayəndələri isə mövqelərinin nə olduğunu göstərməmək üçün xeyli qeyrət sərf edirdilər. Müsafir heyət üzvləri də Qırmızı Ordunun Azərbaycanın istiqlalını çeynəyəcək işğalçı güc olmadığına razı salmağa çalışırdılar.

Gecə-gündüz davam edən səs-küylü yığıncaqlar istilaçı Qırmızı Ordunun 18-ci diviziyası Şəkiyə girmədən bir müddət öncə bitmişdi. Rus əsgərləri Şəkiyə girdiyi gün müsafir heyət də şəhəri tərk etdi.

Bu hadisənin və hərarətli müzakirələrin üzərindən bir neçə gün keçmişdi. Bir gün səhər evimizdən çölə çıxarkən Azaq dayı başda olmaqla müzakirələr zamanı istilaçı qüvvətləri müdafiə edənlərin bir-bir həbs edildiklərini, bunun tam əksinə olaraq hamının hər an həbs ediləcəklərini gözlədikləri müsavatçıların hələ tutulmadıqlarını öyrəndik. Fəqət bunun bir sıra məsələsi olduğunu da hər kəs bilirdi. Beləliklə, bir neçə gün sonra ilk məhbuslar bir-bir güllələnərkən müsavatçıların da həbs edilmək üçün axtarıldıqlarını öyrəndik. Yerli Müsavat təşkilatının rəisi Məhəmmədəli Xəlfəzadə qaçmışdı. Dr. Abbas həbs edilmişdi. Bir müddət sonra müsavatçı Dr. Abbasın 18-ci diviziyanın tribunalında mühakiməsi oldu. İştirakçılar üçün açıq olan bu mühakimədə Dr. Abbas müsavatçılığı və onun təmsil etdiyi ideologiyanı o qədər parlaq şəkildə müdafiə etmişdi ki, təkcə onu göz yaşları ilə dinləyən xalqı deyil, hətta Volkov kimi bir terrorçunun idarə etdiyi hərbi məhkəmə heyətinin də ona bəraət vermələrinə səbəb olmuşdu.

Bu hadisədən bir müddət sonra Axund Fərəc və Nurməhəmməd əfəndi kimi Şəkinin iki mühüm ruhani başçısı həbs olunaraq mühakimə edilmişdi. Bu mühakimədə onları müdafiə etməyə kimsə cəsarət göstərmirdi. Yenidən müsavatçı Dr. Abbası meydanda görürük. Açıq keçirilən mühakimədə çox parlaq şəkildə etdiyi müdafiə nəticəsində bu iki ruhani başçı tribunalın pəncəsindən qurtarmağa müvəffəq olmuşdu. Dr. Abbas xalqın məhəbbətini bir qat da qazanmışdı.

Vaxtilə qaçmış Məhəmmədəli Xəlfəzadə də sonralar təslim oldu, mühakimə edildi, bəraət qazandı. Bu hadisələr açıq göstərir ki, həqiqi inanc, təmiz və aydın iman hər zaman xilaskardır.

Qaynaq:
1. “İstiklal” qəzeti, sayı 35, 1933.
2. “Azerbaycan” jurnalı, sayı 26-27, 1954.

Müəllif: Dilqəm Əhməd