20 İyun 2022 19:40
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Cəlilabad və Biləsuvar rayonlarının ərazisində yerləşən taxıl sahələrində - açıq havada “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda seminar-müşavirələr keçirilib.

Teleqraf.com xəbər verir ki, seminar-müşavirələrdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Cəlilabad və Biləsuvar Rayon İcra hakimiyyətlərinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, “Aqrolizinq” MMC-nin, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, habelə sözügedən rayonların inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.

Tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən kövşən sahələrin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, seminar-müşavirələrdə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, göstərilən mövzuda silsilə xarakterli tədbirlər digər rayonlarda da keçirilir.


Müəllif: Teleqraf.com