22 İyun 2022 21:19
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin işğalından sonra dünyaya səpələnən soydaşlarımız yaşadıqları ölkələrdə müxtəlif təşkilatlar qurublar. İstər Avropada, istərsə də Amerika qitəsində müxtəlif cəmiyyətlər fəaliyyət göstərib, bəziləri günümüzə qədər davam edib.

Məsələn, 1925-ci il martın 27-də Parisin 16-cı Dairəsində, Montespan küçəsi, ev №7 ünvanında Fransa Azərbaycanlıları Assosiasiyası qurulub. Bu təşkilat haqqında ilk dəfə mərhum diplomat Ramiz Abutalıbov və tarixçi Giorgi Mamulia məlumat veriblər. R.Abutalıbovun bildirdiyinə görə, təşkilatın səyləri nəticəsində 1925-ci il iyulun 4-də Parisin “Femina” teatrının (Yelisey çölləri, ev №90) səhnəsində Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” komediyası bəstəkarın qardaşı Ceyhun bəyin tərcüməsində ilk dəfə fransız dilində oynanılıb. Rolları fransız artistlər Derval (Sultan bəy), Monte (Əsgər), Passani (Gülçöhrə), Maqalı (Asiyə) və başqaları ifa ediblər.

Fransa Azərbaycanlıları Assosiasiyasının məqsədi azərbaycanlı qaçqınların Fransa cəmiyyətinə inteqrasiyası və Fransa vətəndaşlarının Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış edilməsi olub. Аssosiasiyanın fəxri prezidenti məşhur fransız hindşünası akademik Emil Senar, prezidenti isə bakılı vəkil, “Bosfor və Dardanel: hüquqi aspektlər” monoqrafiyasının müəllifi Qasım Qasımzadə seçilib. Vitse-prezident vəzifələrini Azərbaycanın Gürcüstan Respublikasındakı keçmiş diplomatik nümayəndəsi Fariz bəy Vəkilov və fransız şərqşünası, islam tədqiqatçısı Lüsyen Büva tutublar. Аssosiasiyanın 71 üzvü olub. Paris Siyasi Elmlər Məktəbinin məzunları Rəşid bəy Topçubaşov və Abbas bəy Atamalıbəyov katib və xəzinədar təyin ediliblər. Əlimərdan bəy Topçubaşov başda olmaqla Azərbaycan diplomatik missiyasının bütün əməkdaşları, Əsədullayev, Zülqədərov, Hacınski qardaşları, Məhəmməd Məhərrəmov, Əkbər ağa Şeyxülislamzadə, gələcəyin məşhur yazıçısı Banin, onun bacısı Kübra xanım və digərləri Аssosiasiyaya üzv olublar.

20 aprel 1952-ci ildə isə Amerikanın Nyu-York şəhərində yaşayan azərbaycanlılar Azərbaycan mədəniyyətini yaymaq və köməyə ehtiyacı olan azərbaycanlılara maddi və mənəvi yardım etmək məqsədilə “Azərbaycan Birliyi” adlı dərnək qurublar. Dərnəyin başqanı Dr. Hacıağa İsmayılzadə, katibi Zahid xan Xoyski olub. 1 iyun 1952-ci ildə “Azərbaycan Birliyi” təşkilatı tərəfindən Nyu-Yorkda 28 May tədbiri keçirilib. 1956-cı ildə isə Azərbaycan Cümhuriyyəti dövründə Əksinqilabla Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı (Keykurun) ABŞ-da “Amerika Azərbaycan Cəmiyyəti”ni yaradıb. Bu cəmiyyət hazırda da fəaliyyət göstərir.

Azərbaycan Cümhuriyyəti tələbələrindən Hilal Münşi Almaniyada Berlin İstiqlal Komitəsini yaradıb, II Dünya müharibəsinin sonunadək fəaliyyət göstərib.

Cümhuriyyətin işğalından sonra İrana gedən azərbaycanlıların qurduqları ən güclü təşkilat Tehranda fəaliyyət göstərən Azərbaycan Mühacirləri Yardımlaşma Cəmiyyəti idi. Cəmiyyətin maliyyə, iş tapma imkanı, mühacirlərin bir araya gətirilməsi, təhsil (mədəniyyət və klub çalışmaları), yardımlaşma (mühacirlər üçün ev və xəstəxana təmini) kimi alt qolları vardı. Cəmiyyətin əsas ideoloqu, təşkilatçısı Məhəmmədəli Rəsulzadə idi. Cəmiyyətin digər üzvü bunlardı: Qulamrza Şərifzadə, Şəfi bəy Rüstəmbəyov, Kəlbəli xan Naxçıvanski, Mirəziz Bədirxanov. Bu cəmiyyət daha sonra Türkiyədə fəaliyyət göstərib. 1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibətilə bir qrup mühacir İstanbulda Taksim meydanındakı abidənin önünə çələng qoyublar. Azərbaycan bayrağının rəngləri ilə süslənmiş şələngin qurdələsinin üzərinə “Yaşasın Cümhuriyyət və türklük – Azərbaycanlılar” cümləsi yazılıb. “Azərbaycan Mühacirlərinə Yardım Cəmiyyəti” TBMM rəisi Kazım paşaya da təbrik teleqramı göndəriblər.

II Dünya müharibəsindən sonra Avropada qalan mühacirlərimizin əksəriyyəti Amerika və Türkiyəyə gedib, bir qismi isə köhnə qitədə qalmağı seçib. Almaniya (qərb bölgəsi), İsveçrə, İtaliya kimi ölkələrdə yaşayan yeni nəsil mühacirlər əvvəlkilər kimi dövlət xadimləri olmadıqları üçün ictimai-siyasi həyatda kifayət qədər rol oynaya bilməyiblər. Süleyman Təkinər, Məcid Musazadə, Əbdürrəhman Fətəlibəyli kimi bir neçə mühacir istisna olmaqla bu nəslin Azərbaycan uğrunda geniş fəaliyyətinə rast gəlinmir.

İngiltərədə Azərbaycan Birliyi

Ötənlərdə Aslan Kənanın hazırladığı “Qürbətdən gələn səslər. Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı” adlı məktublardan ibarət kitabı oxuyarkən II Dünya müharibəsindən sonra İngiltərəyə köçən, orada təşkilat quran bir azərbaycanlının adına rast gəldik: Hacıkərim Əhmədzadə.

Hacıkərim bəyin Ceyhun bəyə göndərdiyi 7 məktubun tarixi 1956-cı ildir. Məktublardan aydın olur ki, H.Əhmədzadə Londonda yaşayır, burada Azərbaycanla bağlı cəmiyyət qurub, müəyyən qədər də imkanlara sahibdir.

14 yanvar 1956-cı ildə Ceyhun bəyə göndərdiyi məktubunda Hacıkərim Londonda qurduğu təşkilatdan bəhs edib: “Mən iki ildən çoxdur ki, burada Azərbaycan Birliyi təşkil etdim. Hələ də birliyin işləri ilə məşğul oluram. Allaha şükür ki, az da olsa, komitəmizin büdcəsi vardır. Allah qoysa, məcmuə və qəzetlər çıxarmağa başlayacağıq. Məndən qeyri Londonda heç bir azərbaycanlı yoxdur. Tək olduğum üçün çox darıxıram”.

14 aprel 1956-cı il tarixli məktubundan aydın olur ki, Hacıkərim Bakıda doğulub, Parisdə Ağarza Tağıyev və Qədir Süleyman adlı dostları var. Əvvəlki və bu məktubunda Əhmədzadə Ceyhun bəyə ehtiyacı varsa, müxtəlif maddi yardımlar da edə biləcəyini söyləyib. Görünür, Londonda tək azərbaycanlı olsa da, özünü və dostlarını dolandıra biləcək gücə sahib olub.

1956-cı ilin avqust ayında Hacıkərim Parisdə Ceyhun bəylə görüşüb. 29 sentyabr 1956-cı il tarixli məktubunda Parisdəki görüşün detalları haqqında da məlumat öyrənirik: “Mən Parisdən Londona döndükdən sonra sənin Parisdə komitə və məcmuə çıxarmaq haqqında mənə tapşırdığın məsələ ilə əlaqədar oldum... Hər şeydən əvvəl burada 26 səhifəlik ingilis və fransızca kiçik məcmuə çıxarmaq üçün London Azərbaycan Komitəsinin bir illik büdcəsi vardır... Komitəmizdə bir xeyli gözəl əşyalar vardır. Məsələn, iki ədəd yazı maşını, mebellər, xalı, cürbəcür əşyalar...”

Hacıkərimin məktublarının göndərildiyi vərəqlərdə qurduğu cəmiyyətin rəsmi adı belə yazılıb: İngiltərədə Azərbaycan Birliyi. Komitənin sədri kimi də onun adı yazılıb. Təəssüf ki, Hacıkərim Əhmədzadənin özü və cəmiyyəti haqqında əlavə məlumat əldə edə bilmədik.


Müəllif: Dilqəm Əhməd