23 İyun 2022 10:46
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Dövlət Komitəsindən məlumat verilib.

Uzun illərdir doğma yurdundan didərgin düşmüş insanların işğaldan azad edilmiş ərazilərə könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinə təminat prinsipləri əsasında qayıdışına hazırlıq görüldüyü diqqətə çatdırılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaratdığı Əlaqələndirmə Qərargahının bu istiqamətdə zəruri iş apardığı vurğulanıb.

Məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Dragana Koyiç rəhbəri olduğu nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirdiyini, işə yeni əməkdaşlar cəlb edildiyini söyləyib.

Görüşdə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri xanım Arian Bauer də iştirak edib.


Müəllif: Teleqraf.com