23 İyun 2022 14:25
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə prezidentinin göstərişilə Nardaran sakinlərinə verilən torpaq sahələri zəbt edilib.

Bu barədə Nardaran sakinlərinin redaksiyamıza ünvanladıqları müraciətdə qeyd olunur.

Qeyd olunur ki, Nardaranda keçirilən görüşdə İlham Əliyevin tapşırığı ilə vətəndaşlara verilən 12 sot həyatyani torpaq sahələri, həmçinin işsizliyin aradan qaldırılması üçün kənd sakinlərinə 50 sot əkin sahəsi Zülfüqar Rüstəmov adlı şəxs tərəfindən hasara alınıb.

Bununla bağlı Nardaran sakinləri, dövlət rəhbərliyinə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib və qanuni torpaq sahələri üzərindəki mülkiyyət hüquqlarının bərpa edilməsini bildiriblər:
“Prezidentin göstərişindən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə nümayəndiliyi aztəminatlı ailələri siyahaya almış və 18 yanvar 2005-ci il tarixində biz kənd sakinlərinə fərdi yaşayış evinin tikintisi ücün həyatyanı torpaq sahəsinin ayrılması haqqında Qərar verib. Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə nümayəndəsi hər bir kənd sakininə ayrılmış torpaq sahəsinin sərhədlərini göstərib və torpaq sahəsinin ayrılması barədə Qərarı sakinlərə yerində təqdim edib. Biz kənd sakinləri ayrılmış torpaq sahəsini birlikdə necə illərdi ki, əkib becərmişik. Son günlər Nardaran kənd sakini olmayan, özünü kənd əhalisinə Rüstəmov Zülfüqar Rüstəm oğlu kimi təqdim edən bir nəfər şəxs bizə ayrılmış torpaq sahəsini Sabunçu rayon Maştağa kənd bələdiyyəsi tərəfindən ona satıldığını bildirərək ərazini hasara almağa cəhd etmişdir. Biz kənd sakinləri dərhal Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinə Ərizə ilə müraciət edərək Rüstəmov Zülfüqar Rüstəm oğlunun bizə ayrılmış torpaq sahəsindən cıxarılmasını və qanunsuz tikinti işlərinin dayandırılmasını xahiş etmişik. Lakin bu günədək polis bölməsi tərəfindən Rüstəmov Zülfüqar Rüstəm oğlunun qanunsuz əməllərinin qarşısı alınmır. Vəziyyət gərginləşməkdə davam edir. Rüstəmov Zülfüqar kənd əhalisini təhqir edir, hədələyir, torpağı pulla aldığını, hüquq mühafizə orqanlarının onun arxasında dayanacağını bəyan edir”.
Sakinlərin kollektiv müraciətində qeyd edilib ki, Z.Rüstəmov əlaqələrindən və maddi imkanlarından istifadə edərək onların qanuni torpaq sahələrini mənimsəməkdədir: “Rüstəmov Zülfüqar Rüstəm oğlu və onun havadarları kənd əhalisi ilə hakimiyyət arasında yersiz narazılıqlar yaratmağa cəh edirlər, hüquq-mühafizə orqanları haqsızlığın, qanuna zidd əməlin qarşısını almaq əvəzinə, qanunu pozana havadarlıq edirlər.
Sabunçu rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanları Rüstəmov Zülfüqar Rüstəm oğlunun hətta, Sabunçu rayon sakini belə olmadan, qanunsuz, saxta yolla, Maştağa kənd bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin satılmasını araşdırmaq əvəzinə, bilə-bilə saxtakarı dəstəkləməkdə, hansı amala, hansı məqsədə xidmət göstərməsi bizdə təəssüf hissi yaradır. Belə məmurlar yenə də öz tamahları ucbatından cirkin əməllərindən əl cəkməyərək xalqın Dövlətimizə inamına xələl gətirməyə calışırlar.
Nəzərinizə catdırmağı zəruri hesab edirik ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə nümayəndiliyi tərəfindən kənd sakinlərinə ayrılmış torpaq sahiblərindən iki nəfərinin övladı 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuşdur, iki nəfəri isə qazidir. Necə ola bilər ki, şəhid və qazi ailəsinə Dövlətimizin Başçısının tapşırığı ilə ayrılmış torpaqları saxta sənədlərlə, saxta yollarla kənar şəxsə satılsın!”

Nardaran sakinləri torpaqlarının özlərinə qaytarılmasını və Z.Rüstəmovun əməllərinə hüquqi qiymətin verilməsini xahiş ediblər.

Müraciəti Xəlilov Rasim Məmməd oğlu, Hüseynov Xaliq Kamil oğlu, Məmmədova Qərənfil Ağasəid qızı,
Məmmədova Zenfira Nadir qızı,
Məmmədova Taisiya Yefimovna,
Abdullayeva Faizə Ağa qızı,
Məlikova Əminə Şükür qızı,
Məmmədov Sevinc Nurməmməd qızı, Abdullayev Böyükağa Həsən oğlu,
Məmmədov Şükür Həmdulla oğlu, Məmmədov Həsən Əliəşrəf oğlu, Məmmədov Fizuli Ağasalah oğlu, Məmmədov İntiqam Həmdulla oğlu, Dadaşov Bahadir Nurməmməd oğlu, Hümmətov Tasim Bala Əli oğlu, Şahbazov Ağadayı Əzizağa oğlu, Məmmədov Buniyyət Şükür oğlu, Məmmədov Əliəşrəf Ağasaleh oğlu və Əli-zadə Ramil Fəxrəddin oğlu imzalayıblar.

Yazıda adı çəkilən qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


Müəllif: Teleqraf.com