23 İyun 2022 20:26
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusunu pandemiya elan edib. COVID-19 pandemiyasının 2020-ci ildən bəri davam etdiyini nəzərə aldıqda bu xəbər bir çox insanda təlaşa səbəb oldu. Bəs pandemiya elan olunan bu xəstəlik həqiqətən qorxuludurmu?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, meymunçiçəyi virusu COVID-19 xəstəliyi qədər yoluxdurucu deyil.

Onun sözlərinə görə, pandemiya xəbəri insanlarda təşvişə səbəb olmamalıdır:

"Meymunçiçəyi ilk olaraq kontakt, ikincisi, tənəffüs yolları vasitəsilə yayılır. Lakin xəstə ilə yaxın məsafədə təmasda olmaq lazımdır ki, virus yoluxsun. Xəstəlik simptomsuz formada inkişaf etmir.
Belə xəstələrin yoluxduğu kənardan aydın şəkildə bilinir. Qızdırma, baş ağrısı kimi əlamətlərlə yanaşı, ən əsası olaraq dəri səpkiləri ilə xəstəlik özünü göstərir. Bu səbəblə asanlıqla belə şəxslərdən özümüzü qoruya bilirik. Bu baxımdan düşünürəm ki, meymunçiçəyi pandemiya elan edilsə də, COVID-19 qədər qorxulu və uzunmüddətli olmayacaq. Koronavirusa yoluxma zamanı 80 faiz hallarda simptomsuz şəxslər digərlərini asanlıqla yoluxdururdu".

Mərdan Əliyev bildirib ki, xüsusi hallar xaric xəstəliyin müalicəsi zamanı dərmanlardan istifadə edilmir: "Xəstəliyin müalicəsi xüsusi antiviral preparatlarla aparılır. Lakin əksər hallarda buna ehtiyac qalmır. Çünki xəstəlik özü 2 həftə ərzində tamamilə sağalır. Xəstə immunitet sistemi zəif olan, yaşlı şəxs deyilsə, asanlıqla sağalır, simptomatik şəkildə müalicə aparılır. Daha çox hərarətin aşağı salınması üçün dərmanlardan istifadə olunur".

Xatırladaq ki, hazırda 58 ölkədə sözügedən xəstəliyə yoluxma qeydə alınıb. Dünya üzrə ümumilikdə yoluxanların sayı isə 3417 nəfər təşkil edir.


Müəllif: Aysel Azad