Dekabrın 1-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Məşğulluq Agentliyinin (İŞKUR) mütəxəssisləri ilə birgə məşğulluq xidməti əməkdaşları üçün əmək bazarının öyrənilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, gənclər üçün məşğulluq xidmətləri üzrə iki günlük təlim kursuna başlanıb.
Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanla Türkiyə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq əlaqələrindən söz açıb. Nazir müavini bildirib ki, hazırda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlıq həyata keçirilir. Hazırda təşkil olunan tədbir də İƏT ölkələrinin məşğulluq xidmətləri orqanları şəbəkəsinin (OİC PESNET) təşəbbüsü və dəstəyi ilə təşkil olunub. Həmin şəbəkə üzv ölkələr arasında məşğulluq xidmətləri arasında fəal təcrübə mübadilələrini dəstəkləyir. Bu tədbirdə məqsəd də işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı sahəsində Türkiyənin təcrübəsi ilə tanış olmaq, eyni zamanda bu sahədə təcrübə mübadiləsi aparmaqdır.
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Namık Ata Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın əmək bazarının öyrənilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, gənclər üçün məşğulluq xidmətləri sahəsində də davam etdirildiyini qeyd edib. O, ölkəsinin qeyd olunan sahədə, xüsusən işsiz və işaxtaran şəxslərin peşə hazırlığı üzrə böyük təcrübəyə malik olduğunu və Azərbaycanla daim təcrübə mübadiləsi aparmağa hazır olduğunu vurğulayıb.
Tədbir Türkiyə Respublikasının Məşğulluq Agentliyinin (İŞKUR) mütəxəssisi və ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin tərəfindən iki ölkənin əmək bazarı, gənclər üçün əmək bazarının qiymətləndirilməsi, aktiv əmək bazarı tədbirləri və peşə hazırlığı işinin təşkili barədə təqdimatlarla davam edib.
Naibə QURBANOVA