24 İyun 2022 20:44
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər Media Mərkəzi” və “British Council” (Britaniya Şurası Təşkilatı) arasında əməkdaşlıq genişləndirilir. Bununla bağlı bu gün “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşovla Britaniya Şurası Təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və Mədəniyyət üzrə meneceri Dilarə İbrahimova arasında müzakirələr aparılıb.

Teleqraf.com xəbər verir ki, müzakirələr zamanı gələcək əməkdaşlıqların istiqamətləri də müəyyənləşdirilib.

“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov Böyük Britaniyanın Azərbaycanın Vətən Müharibəsində ölkəmizə verdiyi beynəlxalq səviyyədə olan dəstəyin önəmindən danışıb.

Britaniya Şurası təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva isə birgə əməkdaşlığın genişləndirilməsinin bir çox sahələrdə Azərbaycanda faydalı olacağını vurğulayıb.

Onun sözlərinə görə, Böyük Britaniya təcrübəsinin ölkəmizdə tanıdılması, eləcə də insanların bu təcrübədən faydalanmasını təmin etmək üçün belə əməkdaşlıqlar olduqca önəmlidir.

Daha sonra qonaqlar “Xəzər Xəbər”in iş prosesi ilə əyani tanış olublar.

“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov qonaqlara xəbərin hazırlanması, yayım otağı, eləcə də “Xəzər Xəbər”in studiyasında proseslərin necə idarə olunması ilə bağlı məlumat verib.
Murad Dadaşov Britaniya Şurası Təşkilatı ilə əməkdaşlığın əsas istiqamətlərindən də danışıb: “Böyük Britaniyanin media sahəsində təcrübəsi çoxdur və bu təcrübədən Azərbaycanda da istifadə edilməsi əsas prioritetlərdəndir. Eləcə də ingilis dilinin qavranılması, qərb dəyərlərinin, xüsusilə bizə uyğun və faydalı olan xüsusiyyətlərin Azərbaycanda mənimsənilməsində Britaniya Şurası Təşkilatı ilə əməkdaşlığın önəmi çoxdur”.

Nərgiz Hacıyeva isə “Xəzər Xəbər”ə müsahibəsində bildirib ki, “Xəzər FM” radiosu ilə birgə əməkdaşlıq çərçivəsində “Selektor” proqramı yayımlanır: “Biz İngiltərədə yayımlanan və “BBC”-nin məhsulları olan bir sıra proqramların Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr də apardıq. Bu proqramların bizim efirlərdə yayımlanması hər iki tərəf üçün faydalı olacaq “.


Müəllif: Teleqraf.com