1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumatda belə deyilir.
Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə, 2011-ci ildən başlayaraq 2015-ci ilə kimi, Ümumdünya QİÇS-lə mübarizə günü "Sıfır məqsədini əldə etməyə doğru " şüarı altında keçirilir. Yəni, sıfır - yeni yoluxma halları, sıfır - İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları və sıfır - QİÇS -lə bağlı ölüm halları.
BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) 2014-cü ilin iyun ayının sonunda dərc etdiyi məlumatda göstərilir ki, 2013-cü ildə QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilmişdir. Belə ki, 2014-cü ilin II-ci rübünün sonuna xilasedici antiretrovirus-terapiya tətbiq olunan insanların sayı 13,6 milyon təşkil etmişdir və 2012-ci ilə nisbətən 40% artmışdır. Həmin müalicənin nəticəsi kimi 2012-ci ildə QİÇS-lə bağlı ölüm hallarının sayı 2005-ci illə müqayisədə 29% azalıb.
Hesabatda göstərilir ki, dünya miqyasında 2012-ci il ərzində 2001-ci illə müqayisədə böyüklər və yeniyetmələr arasında İİV-ə yeni yoluxma halları 33% azalmışdır, uşaqlar arasında isə 52% azalıb.
Eyni zamanda UNAİDS-in hesabatında narahat edici fakt kimi qeyd edilir ki, İİV-ə yeni yoluxma halları Şərgi Avropa və Mərkəzi Asiyada 2006-cı ildən bəri 13% artmışdır, Yaxın Qərb və Şimali Afrikada isə 2001-ci ildən 2 dəfə artıb.
UNAİDS-in məlumatına görə, 2013-cü ilin sonuna yer kürəsində İİV-lə yaşayan insanların sayı 35 milyon təşkil etmişdir ki, 2012-ci il ilə müqayisədə 300 000 nəfər azalmışdır. Dünya üzrə 2013-cü il ərzində İİV-ə yeni yoluxmuş insanların sayı 2,0 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı isə 1,5 milyon olmuşdur. Bu göstəricilərə də 2012-ci il ilə müqayisədə azalmalar müşahidə olunub.
İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problem olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir.
2014-cü ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata 561 alınmışdır. Onlardan 545-i (97,1%) Azərbaycan vətəndaşı, 16 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlarıdır. Qeydiyyata alınmış 545 Azərbaycan vətəndaşından 336-sı (61,7%) kişi, 209-u (38,3%) qadındır.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2014-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb.
Onlardan 4694 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 165 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3572-si (76,1%) kişi, 1122-i (23,9%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1508 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1484 nəfərdir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 667 nəfər olub.
İİV-ə yoluxmuş 4694 Azərbaycan vətəndaşından 1198-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı (73,7%) Respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 38 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.
4694 nəfər Azərbaycan vətəndaşından 2578-də (54,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1637-də (34,9%) heteroseksual, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 82-də (1,7%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 336 nəfərdə (7,2%) yoluxma yolu müəyyən edilməyib.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2323 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 552 nəfərə müalicə 2014-cü ilin 11 ayı ərzində başlanılmışdır. Eyni zamanda müalicənin təşkili təkmilləşdirilmışdir: Səhiyyə Nazirliyi tərəfindən Global Fondun layihəsi çərçivəsində Respublikanın 6 regionunda ART mərkəzləri yaradılıb.
İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi yaradılmaqdadır. Hazırda 43 məntəqə fəaliyyət göstərir. İİV müayinələrinə yüksək riskli əhali qruplarını cəlb edilməsi üçün Bakı və Respublikanın digər regionlarında 12 səyyar məntəqədən istifadə olunur .
İİV/QİÇS-in qarşısının alınması məqsədilə 22 -29 noyabr 2014-cü il tarixində “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi Azərbaycanda da keçirilmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi bir çox ali və orta ixtisas təhsil müəssisələrində (o cümlədn regionlarda) tələbələr arasında, iri Ticarət Mərkəzlərində, Beynəlxalq Avtovağzal və digər obyektlərdə könüllülük prinsipi əsasında İİV-ə müayinə aksiyaları həyata keçirib.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin 11 ayı ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri davam etdirilmiş, İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndiriçi məlumatlar ( buklet, broşur, banner) dərc edilib.
Keçirilən tədbirlərin davamı kimi, 1 dekabr 2014-ci il tarixində Respublika QİÇS-lə Mübarizə Mərkəzində “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş mətbuat konfransı təşkil olunub.
Naibə QURBANOVA