Dillər Universitetində “Ümumdünya QİÇS-lə mübarizə günü” keçirildi
Dekabrın 1-də Azərbaycan Dillər Universitetində “Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir” layihəsi çərçivəsində universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “1 dekabr – Ümumdünya GİÇS-lə mübarizə günüdür” adlı tədbir keçirildi. Tədbirin təşkilində Pedaqoji fakültənin 301 A qrup tələbəsi Lətifə Quliyeva yaxından iştirak etdi.
ADU-nun İctimaiyyətlə Əlaqələr DepartamentindənTeleqraf.com-a verilən məlumata görə, Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru, Ələddin Əliyev, Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, Sevda Zamanova, kafedranın baş müəllimləri, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov, Regionar Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova, o cümlədən Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri iştirak edirdilər.
Öncə QİÇS-in yaranma tarixi haqqında məlumat verildi. Çıxış edən Sədaqət Musayeva QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdi. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarrifləndirici tədbirlərin keçirildiyini qeyd edən S. Musayeva universitetdə də bu istiqamətdə ənənəvi tədbirlərin keçirildiyini vurğuladı və bunun ali təhsil ocağının tələbələrinin sağlamlığına göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu dedi.
Tədbirdə ssenarisi Sədaqət Musayevaya məxsus olan “İtirilmiş həyatlar” əsərindən səhnəcik göstərildi. Səhnəcikdə QİÇS-ə yoluxmuş iki gəncin ibrətamiz həyat hekayəsindən bəhs olunurdu. Daha sonra tələbələr arasında mövzuya aid keçirilmiş sorğudan videoreportaj nümayiş olundu.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov dünyada 1 dekabr tarixinin “Ümumdünya QİÇS-lə mübarizə günü” kimi qeyd olunduğunu bildirdi. Respublikada bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini söyləyən T. Məhərrəmov Azərbaycanda İİV infeksiyası üzrə əsas epidemioloji göstəricilər, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının yoluxma yolları üzrə tərkibi, Azərbaycanda İİV infeksiyası epidemiyasının tendensiyaları, UNAİDS-in İİV/QİÇS-lə bağlı “Sıfıra çatdırmaq” siyasəti, Ümumi əhali və riskli davranışlı qruplar arasında sanitar-maarifləndirmə işi məsələləri haqqında geniş məlumat verdi.
Regionar Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova bu tədbirin keçirilməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi. O, ADU-da keçirilən tədbirlərdə daimi qonaq olduğunu və hər zaman yeni təəssüratlarla ayrıldığını bildirdi. M. Qafarova hazırki dövrün gündəmində olan bu aktual problem haqqında bu cür maarifləndirici tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğuladı. Psixoloq bu xəstəliyə yoluxmuş insanlardan uzaq durmaq yox, onlara mənəvi və psixoloji dəstək olmağın düzgün addım olduğunu tələbələrin diqqətinə çatdırdı.
QİÇS-lə mübarizənin simvolu olan qırmızı və qara rəngli geyimlərdə rəqsi (flaşmob) nümayiş etdirən tələbələr “Biz ADU gəncləri QİÇS-i tanıyırıq və QİÇS-ə “Yox” deyirik”, digər yazılı plakatlarla tədbiri yekunlaşdırdılar.
NİGAR