28 İyun 2022 12:12
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət büdcəsi xərclərinin 32 milyarda çatdırılması təqdirəlayiqdir. Allah dövlətimizi qorusun. Neftin qiyməti aşağı etməsin ki, Qarabağımızı bərpa edək, insanlarımızın rifahını daha da gücləndirək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib.

Deputat xatırladıb ki, Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü Kəlbəcər və Laçına səfər edib: “Ordumuzu təbrik edirəm. Qarabağdakı quruculuq işlərini görəndə insan fəxarət hissi keçirir. Ancaq bizim yaşlı insanlarımız ora qayıtmadan vəfat edirlər. Hesab edirəm ki, təcili olaraq qaz, yol çəkilməlidir. İnsanlara da imkan verilməlidir ki, gedib evlərini bərpa etsinlər. Bunun üçün Neft Fondundan 2 milyard manat ayırmaq da olar.

Eləcə də zamanında ümummilli lider Heydər Əliyev tərəfindən Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması haqda sərəncam verilib. Hesab edirəm ki, büdcədən bunun üçün maliyyə ayrılması, 2 hektar torpaq alınması və cümhuriyyətə aid parkın tikilməsi və orada abidənin ucaldılması yaxşı hal olardı. Bununla paralel olaraq Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin nəşlərinin ölkəmizə gətirilərək Fəxri Xiyabanda dəfn olunması müsbət hal olardı. Bizdə bunun təcrübəsi var. Vaxtı ilə ümummilli lider Heydər Əliyev tərəfindən Hüseyn Cavidin nəşi vətənə gətirilib. Hesab edirəm ki, biz təkcə abadlığa deyil, həm də mənəviyyatımıza pul xərcləməliyik”.


Müəllif: Nemət