1 İyul 2022 12:35
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2022-ci ilin 6 ayı ərzində "ASAN" Kommunal və "ASAN" Xidmət mərkəzlərinə 217 min 136 müraciət daxil olub. Ötən ilin eyni dövründə isə 158 min 873 müraciət daxil olub".

Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisi qeyd edib ki, "ASAN" Kommunal və "ASAN" Xidmət mərkəzlərinə daxil olan müraciətlərin sayı ilbəil artmaqdadır: "Daxil olan müraciətlərin hamısı icra olunub, vətəndaşlara bütün xidmətlər göstərilib.

Məlum olduğu kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsi olan KOB evləri də var. Hazırda regionlarda "Xaçmaz KOB evi" və "Yevlax KOB evi" fəaliyyət göstərir. Bu evlərdə də sahibkarlıq subyektlərinə və vətəndaşlara xidmət göstəririk. 2022-ci ilin 6 ayı ərzində KOB evlərinə 280 müraciət daxil olub və icra olunub. Ötən il isə KOB evlərinə 341 müraciət daxil olub. Göründüyü kimi, "ASAN"a nisbətən KOB evlərinə daxil olan müraciətlərin sayı car ilin 6 ayında azalıb".

Fərid Mustafazadə fərdi qazlaşma sahəsində baş verən yeniliklərdən də danışıb: "Əvvəllər vətəndaşlar fərdi qazlaşma ilə bağlı "ASAN" Kommunal və "ASAN" Xidmət mərkəzlərinə müraciət edirdilər. İndi bu mərkəzlərə müraciət etmədən "Azəriqaz" İstehsalat Birliyinin rəsmi internet səhifəsində lisenziyalı podratçı şirkətlərin siyahısını görmək olar. Bu siyahı İstehsalat Birliyinin deyil. Siyahını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən edib və həmin podratçı şirkətlərə lisenziya verib. Vətəndaşlar müstəqil şəkildə bu siyahı ilə tanış olub istənilən podratçı şirkəti seçə bilər. Əgər podratçı şirkətlə vətəndaş arasında hər hansı bir problem olarsa, buna "Azəriqaz" İstehsalat Birliyi məsuliyyət daşımır".


Müəllif: Yeganə Oqtayqızı