1 İyul 18:35
200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhərinin adından istifadə edilməsi ilə bağlı qanuna dəyişikliklər təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi imzalayıb.

Belə ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə “arxeoloji” sözü çıxarılıb.

Eyni zamanda “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə yeni maddə əlavə edilib. Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.


Müəllif: Teleqraf.com