3 İyul 2022 08:39
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər yay aylarının gəlişi ilə tez-tez rast gəlinən günvurma (hipertermiya) ilə bağlı xəbərdarlıq edirlər.

Teleqraf.com xəbər verir ki, aparılan tədqiqatlar zamanı günvurmadan sonra orqanizm tez soyudulmazsa, orqan zədələnməsi və ölüm riskinin artdığı məlum olub.

Günvurma zamanı ilk yardım çox vacibdir. Xəstə soyuq su ilə nə qədər tez təmasda olarsa, ölüm və orqan zədələnmə riski bir o qədər az olar.

Günvurma simptomlarını düzgün təyin etmək vacibdir. Yüksək dərəcədə istilik və rütubət nəticəsində bədənin istiliyini nizamlaya bilməməsi nəticəsində bəzi pozğunluqlar meydana gəlir. Əzələ ağrıları, zəiflik, yorğunluq, başgicəllənmə, davranış pozğunluğu, əsəbilik, solğun və isti dəri, bol tərləmə, mədə krampları, qusma, ürəkbulanma, huşun itirilməsi günvurma əlamətləridir.

Günvurmadan qorunmaq üçün xüsusilə də papaq, gün eynəyi, çətir kimi günəş işığından qoruyacan aksesuarlardan istifadə edilməlidir. Mövsümi şəraitə uyğun açıq rəngli və açıq paltar geyinməklə tərdən qorunmaq lazımdır. Bol maye qəbul edilməlidir. Bədəni təmiz saxlamaq lazımdır. Hər yeməkdə bol miqdarda qida qəbul edilməlidir. Həkim məsləhəti olmadan dərmanlar istifadə edilməməlidir. Birbaşa günəş şüasında qalmaqdan çəkinmək lazımdır. Mütəmadi olaraq qapalı məkanların havalandırılmasına diqqət yetirilməlidir.

Günvurmanın müalicəsi həyati orqanlara zərər verməmək, bədənin mümkün qədər tez normal temperatura qədər soyudulmasına yönəlir. İnsan soyuq su ilə nə qədər tez təmasda olarsa, ölüm və orqanların zədələnməsi riski bir o qədər az olar. Soyuq su müdaxiləsi mümkün olmadığı hallarda, tibb işçiləri buxar üsulundan istifadə edərək bədən istiliyini aşağı salmağa cəhd edə bilərlər. Bədən istiliyini azaltmaq üçün buz paketləri və ya xüsusi soyuducu yorğanlar istifadə edilə bilər. Buz paketləri qasıq, boyun, kürək və qoltuq altına yerləşdirilə bilər.


Müəllif: Aysel Azad