4 İyul 2022 13:17
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya sürətlə dəyişir. Beynəlxalq sistemin bu dəyişikliklərə göstərdiyi reaksiya heç də dünyanın dəyişmə sürətinə adekvat görünmür. SSRİ-nin süqutundan sonra beynəlxalq siyasi konfiqurasiyada sürətli ardıcıllıqla baş verən hadisələrin xronologiyası göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün dünyanın idarə olunması kimi məsul bir vəzifəni daşıyan təşkilatlar bu dəyişikliklər qarşısında acizdirlər. Son 30 ildə BMT-nin dünyada yaranmış yeni reallıqlara uyğun olaraq islahatlara uğramaq zərurəti haqqında nə qədər çox danışılsa da əməli addımlar atılmır, BMT və ATƏT kimi vacib qurumların baş verənlərə təsir imkanları getdikcə sıfıra yaxınlaşır.

Hələ 1988-ci ildən başlayaraq Azərbaycan ərazilərini ilhaq etməyə çalışan Ermənistanın beynəlxalq sistem tərəfindən heç bir müqavimətlə rastlaşmaması Azərbaycan ərazilərinin bir qisminin işğalı və 1992-ci ildə Xocalı soyqırımının baş verməsi ilə nəticələndi. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına qarşı 1993-cü ildə BMT tərəfindən qəbul olunmuş məlum qətnamələrin kağız üzərində qalması isə az sonra Serbiya rəhbərliyinin Balkanlarda təcavüzkar siyasətinə rəvac verdi və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinada Srebrenitsa soyqırımının törədilməsinə gətirib çıxardı. Bundan sonra da Serbiya siyasi rəhbərliyinə qarşı Beynəlxalq Tribunal yaradılsa da dünyada və xüsusilə Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün institusional islahatların aparılması üzrə əməli addımlar atılmadı. Beynəlxalq sistemin amorf yanaşması sonrakı illərdə Moldova, Gürcüstan və nəhayət Ukrayna ərazilərində böyük müharibə təhlükəsi vəd edən münaqişə ocaqlarının yaranması ilə nəticələndi. Bütün bu hadisələrin fonunda dünyada və Avropada təhlükəsizliyin təmin olunması üçün məsul olan BMT və ATƏT kimi təşkilatlar öz fəaliyyətsizlikləri ilə dünyanı hazırda müşahidə etdiyimiz daha böyük təhlükələrə yaxınlaşdırdılar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O bildirib ki, mövcud olduğu müddət ərzində Qoşulmama Hərəkatı BMT və ATƏT ilə müqayisədə dünyada gedən proseslərə daha az təsir gücü ilə tanınan bir təşkilat olub. Rəsmən 1961-ci ildə yaradılmış və 120 dövlətin təmsil olunduğu Hərəkat bitərəf dövlətlərin təsisatı olaraq öz toplantılarında dünyada gedən prosesləri müzakirə etsə də, onun bu proseslərin gedişinə təsir etmək imkanı heç vaxt real görünməyib. Qoşulmama Hərəkatının dünya hadisələrinə fəal müdaxiləsi məhz 2019-cu ildə Azərbaycanın bu təşkilata sədrliyi ilə başlayıb. Qlobal pandemiyanın lap başlanğıcında, dünya üçün qlobal müharibələr qədər təhlükəli olan bir şəraitdə təşkilata sədrliyi qəbul edən Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə o zamanadək görünməmiş bir canlanma gətirdi.

“Bütün dünyanın COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi koronavirusa qarşı mübarizədə qlobal həmrəyliyin təmin olunması üçün cəsarətli təşəbbüslər irəli sürdü və Dünya Səhiyyə Təşkilatının moderatorluğu altında bütün dövlətlərin əməkdaşlığa cəlb olunmasına nail oldu. Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyası çağırıldı, məhz Azərbaycan Prezidentinin çıxışlarında Avropada təzahür edən “peyvənd millətçiliyi” açıq-aşkar tənqid olundu və dünyanın inkişaf etmiş ölkələrinin üzərində digər ölkələrə dəstək vermək məsuliyyətinin olması rəsmən təsbit edildi. Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürdü və həmin qətnamə yekdilliklə qəbul olundu.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın apardığı obyektiv siyasətin bir daha dünyaya açılışı oldu. Azərbaycan bu Hərəkata sədrliyi ilə əlaqədar atdığı addımlarla dövlətimizin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, beynəlxalq norma və prinsiplərin ədalətli tətbiqinə verdiyi töhfələri bütün dünyanın diqqətinə çatdırmış oldu”, - deyə C.Feyziyev qeyd edib.

Onun sözlərinə görə, bütün dövlətlərin pandemiya ilə mübarizədə öz xalqlarını xilas etmək üçün çalışdığı bir vaxtda Ermənistan növbəti dəfə yeni torpaqlar işğal etmək məqsədilə qoşunların təmas xətti boyunca hücuma keçdi. Vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq Azərbaycan bu təcavüzün də qarşısını uğurla aldı və cəmi 44 gün ərzində düşməni bütün işğal olunmuş ərazilərimizdən qovub çıxardı. Ermənistanın təcavüzkar siyasəti Qoşulmama Hərəkatı çərçivəsində də müzakirə olundu və bütün üzv dövlətlər tərəfindən yekdilliklə qınanıldı.

Qoşulmama Hərəkatının üzvləri olan dövlətlər Vətən müharibəsinin ən qızğın çağında BMT-də Azərbaycana qarşı qərəzli Qətnamə qəbul olunması üçün göstərilən cəhdlərə qarşı çıxdılar. Bu kimi addımlarla Qoşulmama Hərəkatı bir tərəfdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə yanaşı, digər tərəfdən dünya siyasətinə özünün mümkün təsir gücünü göstərmiş oldu. Məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı bu cəsarəti və təşəbbüskarlığı öz əlinə ala bildi.

Deputat diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövrü Hərəkatın tarixinə çoxsaylı təşəbbüslərlə yazılmaqda davam edir. Bu təşəbbüslərdən biri də Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılması idi. Prezident İlham Əliyev bu təşəbbüslə keçən ilin noyabrında Beynəlxalq Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış etmişdi. Dövlətimizin başçısı bütün üzv dövlətlər tərəfindən dəstəklənən bu təşəbbüsü bu günlərdə Azərbaycanda reallaşdı. Bütün beynəlxalq təşkilatların istisnasız olaraq təqdir etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransı parlament diplomatiyasının yeni bir ölçüsü olmaqla Azərbaycanın qlobal təhlükəsizliyin təmin olunmasına dəyərli töhfəsi kimi qəbul olundu.

“Cəmi 3 illik sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi impuls və təşkilatın beynəlxalq miqyasda artan nüfuzu dünya birliyinin Azərbaycana olan etimadının göstəricisidir. Məhz bu etimad sayəsində Azərbaycanın təşkilata sədrliyinin daha bir il müddətinə uzadılması haqqında qərar qəbul olundu. Azərbaycan təşkilata sədrliyi dövründə 2019-cu ilədək amorf bir qurum kimi qavranılan Qoşulmama Hərəkatını qlobal siyasətin ön cərgəsinə çıxarmağa və qlobal təşəbbüslərin müəllifinə çevirməyə nail oldu.

Bütün bunlar onu göstərir ki, BMT və ATƏT kimi qlobal mexanizmlərin səmərəli fəaliyyət göstərə bilməməsi iddia olunduğu kimi, yalnız onların strukturundan və təbiətindən yox, həm də onları idarə edən dövlətlərin siyasi iradəsindən asılıdır”, - deyən Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.


Müəllif: Teleqraf.com