“Rusiya siyasi cəhətdən faktiki uduzub, amma hərbi baxımdan Ukraynanın müəyyən ərazilərini nəzarətinə alıb. Bununla bağlı müxtəlif rəqəmlər səsləndirilir, 20, bəzən 25 faiz ərazidən bəhs olunur. Potensial da var ki, indi ruslar iki qondarma respublikanın əvəzinə üç və daha çox separatçı respublika elan etsinlər. Donetsk və Luqanskdan başqa Rusiya üçün əhəmiyyət kəsb edən bir məsələ Krıma quru yolunun qurulması üçün hansısa zolağın bağlanmasıdır. Bu da digər qondarma respublikanın yaranmasına gətirib çıxara ola bilər”.
Bunu Teleqraf.com-a sabir xarici işlər naziri, ekspert Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, əslində Rusiyaya nə qədər siyasi və iqtisadi zərbə vurmaq mümkündürsə, Qərb bunu edib: “Rusiya buna rəğmən heç bir fasilə vermir. Siyasi baxımdan uduzan Rusiya hərbi fəaliyyətini davam etdirir, ərazilər işğal etməyi dayandırmır.
Əslində bunun əksini Ukraynaya şamil etmək mümkündür. Yəni siyasi baxımdan Ukraynaya dəstək verilir. İstənilən səviyyədə verilib-verilmədiyi başqa mövzudur. Amma siyasi baxımdan Ukrayna qalib gəlib. Dünya Ukraynanı dəstəkləyir və onun torpaqlarının işğalını açıq şəkildə pisləyir. Amma hərbi baxımdan ərazilər itirilib, iqtisadi baxımdan infrastruktur dağıdılıb. Şəhərlərin və ərazi bütövlüyünün bərpası yaxın dövrdə baş verməyəcək”.
Tofiq Zülfüqarov vurğulayıb ki, belə bir vəziyyətin məsuliyyəti əsasən Putinin, qismən Ukrayna rəhbərliyi üzərindədir: “Əlbəttə, müxtəlif fikirlər səsləndirilir, Qərbdə də belə sözlər deyilir ki, vaxt udmaq üçün müvəqqəti olsa da, atəşkəs əldə etmək lazımdır. Digər Qərb siyasətçiləri isə müharibənin sona qədər davam etməli olduğunu bildirirlər. Bəzən belə anlaşılır ki, müharibə sonuncu ukraynalıya qədər davam etməlidir. Biz anlayırıq ki, Qərb-Rusiya qarşıdurmasıdır, sadəcə Ukrayna ərazisində baş verir. Hesab edirəm ki, bu, siyasətçilərin - həm Rusiya, həm də Ukrayna dövlət başçısının böyük səhvidir. Hər halda onlar elə etməli idi ki, müharibə olmasın. Bəziləri qeyd edirlər ki, müharibə qaçılmaz idi. Amma bir çox siyasətçilər anlayırlar ki, bu, oyundur. Hətta Türkiyə Prezidenti Ərdoğan da buna işarə etdi. Əlbəttə, biz fərd olaraq Ukraynanın tərəfindəyik, amma siyasət fərqli peşədir”.