8 İyul 2022 09:05
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnfeksion xəstəliklər üzrə mütəxəssis Mərdan Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Doktor, yoluxma sayında təkrar artım müşahidə olunur. Bizi yenidən əvvəlki karantin rejimi gözləyə bilər?

- Yoluxma sayında artımın olması normal haldır. Bu, immunitetin zəifləməsi, xəstəliyə qarşı həssaslığın artması ilə əlaqədardır. Xüsusilə də peyvənd olunan şəxslərdə müəyyən müddət sonra immunitet zəifləməyə başlayır. Payız fəslinə doğru yoluxma sayında artım müşahidə oluna bilər. Lakin xəstəxana şəraiti tələb etməyəcək, çünki insanlarda kollektiv immunitet formalaşıb. Buna görə də narahat olmağa dəyməz. Sərt karantin rejimi gözlənilmir.

- Artıq bəzi Avropa ölkələrində qapalı məkanlarda maska tələbi gündəmə gəlib...

- Maska gigiyenik vasitədir, istifadəsinə qarşı münasibətim pis deyil. Burada söhbət təkcə COVID-dən getmir. Payız fəslində qripə yoluxma hallarının da kəskin artması müşahidə olunur. Maskadan xüsusilə ictimai nəqliyyatda, qapalı yerlərdə istifadə etmək infeksiyanın yayılmasının qarşısını alır. Qapalı məkanlarda lokal da olsa xəstəliyin yayılması müşahidə olunursa, maskadan istifadənin tərəfdarıyam.

- Meymunçiçəyi virusunun yayılması COVID kimi mövsümü xarakter ala bilərmi?

- Meymunçiçəyi COVID kimi deyil, tamamilə başqa xəstəlikdir. Yoluxdurma, yayılma yolları da fərqlidir. Meymunçiçəyi təmasla yayılırsa, COVID tənəffüs yolları vasitəsilə yayılır. Bu səbəblə də meymunçiçəyi o qədər də sürətlə yayılmır. COVID ilk dəfə Çində çox sürətlə yayılanda qarşısını ala bilmirdilər. Amma meymunçiçəyi 2 aydan çoxdur bir neçə ölkədə yayılsa da hələ də yoluxma sayı 3 rəqəmlidir. Qonşu ölkələrdə də suporadik şəkildə xəstəliyin yayılması baş verir.

- Ölkədə vətəndaşlarının üç doza vaksin olunması tələbi var və bu müddətin tamam olmasından altı ay keçib. Necə düşünürsünüz, dördüncü doza vaksinə ehtiyac varmı?

- Dördüncü doza vaksin könüllü şəkildə, tövsiyə xarakterli ola bilər. Xüsusilə də yaşı 65-dən yuxarı, immunitet sistemi zəif olan, əvvəllər COVID-ə yoluxmayanlar mütləq vaksin olunmalıdırlar. Amma gənclərin, xəstəliyə yoluxub sağalanların, immuniteti yüksək olanların vaksin olunmasına ehtiyac yoxdur. Yenidən payızda yoluxma yüksək olarsa, vaksinasiya gündəmə gələ bilər. Amma bir daha qeyd edirəm, yenidən əvvəlki kimi xəstəxanaların dolub-daşması gözlənilmir. Bundan əvvəlki illərdə də qrip xəstəliklərinin artması müşahidə olunurdu, amma xəstəxanaya gedəcək qədər təşviş olmadığı üçün, heç kim əhəmiyyət vermirdi.


Müəllif: Aysel Azad