8 İyul 2022 15:32
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıtda Qurban bayramı ilə əlaqədar iyulun 9-na qədər qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil edilib.

Bu barədə Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, qurbanlıqların sifarişi onlayn şəkildə https://qurbanliq.kendden.az/ elektron portal vasitəsilə həyata keçirilir:

“Yarmarkanın təşkili zamanı sahibkarlar arasında müvafiq tender elan olunub. Bundan sonra sahibkarlar tərəfindən tələbə uyğun miqdarda heyvan gətirilib. Yarmarka 9 iyul 18:00-dək davam edəcək. Sifariş etmək istəyən vətəndaşlar şəxsi məlumatlarını müvafiq xanalara qeyd edərək satış məntəqələri üçün onlayn növbə götürə bilər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqənin ünvanı, tarixi və saatını seçməkdə sərbəstdirlər. Sifariş edilən qurbanlığın dəyəri diri çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək. Qurbanlıqlar yalnız diri formada vətəndaşlara təqdim olunacaq.

Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə sifariş etdikləri qurbanlığı əldə edə bilərlər”.

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində aşağıdakı satış məntəqələrindən təhvil alacaq:

Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C;

Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 26;

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22;

Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20;

Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası);

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 (“İnşaatçılar metro stansiyasının yaxınlığı);

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H;

Sumqayıt şəhəri, Çerkassi küçəsi, 53-cü məhəllə.

Qeyd edək ki, onlayn yarmarkada diri qoyunun 1 kq-ı 6.30 manatdan təklif olunur. Sifariş edilən qoyunun dəyərinin bir hissəsi ilkin ödəniş kimi (20 manat) onlayn, qalan hissəsi isə qoyunu təhvil alan zaman verilir. Sifariş təsdiq ediləndən sonra ilkin ödənilən məbləğ heç bir halda geri qaytarılmır.


Müəllif: Teleqraf.com