8 İyul 2022 16:33
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənzillərin satışı barədə elan satış başlamadan ən azı 30 gün əvvəl elan edilir və bir ay müddətində güzəştli mənzilin demo versiyası elektron kabinet sahiblərinin istifadəsinə verilir. Demodan istifadə edərək satış prosesi ilə tanış olmaq mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı DTX ilə birgə MİDA-nın birgə keçirdiyi brifinqində deyib.

Onun sözlərinə görə, satışın başlamasına 24 saat qalmış geri sayım başladılır və vətəndaşa satışın nə zaman başlayacağını bildirilir.

Fərman Qurbanlı qeyd edib ki, mart ayında Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçim prosesindən sonra şübhəli hallar aşkar edilib:

"Bununla bağlı MİDA Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Müdaxilələr nəticəsində bərabər seçim şərtləri pozulub və buna görə də satış prosesinin bütün nəticələri ləğv edilib".

Fərman Qurbanlı əlavə edib ki, güzəştli mənzillərin seçilməsi üçün demo versiya 1 ay əvvəl vətəndaşlara təqdim edilir və bu, sistemin əsl versiyası ilə birəbir eyni hazırlanır: "İşbazlar müraciət edən vətəndaşlara verilən Demo versiyaya uyğun olaraq proqram yazdırıblar. Buna görə də hazırda bu problem yaranıb".

Onun sözlərinə görə, qeyri-qanuni halların qarşısının alınması üçün xüsusi təhlükəsizlik tədbirlərinə başlanılıb: "Bütün mənzillər satış başlayan saatda seçim üçün aktiv edilir. Seçimin sürətli həyata keçirilməsi bəzi vətəndaşların mənzil seçimi mərhələsinə çatdıqda mənzili görməməsinə səbəb olur. Bu zaman belə iddialar olur ki, seçimə mənzil çıxarılmayıb.

Hələ sistemdə təkmilləşdirilmə işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra növbəti mərhələ elan olunacaq və 1 ay əvvəldən mənzil seçimi ilə bağlı elan veriləcək. Əvvəlki seçimdə iştirak edən şəxslərə də heç bir məhdudiyyət tətbiq edilməyəcək”.

Fərman Qurbanlı qeyd edib ki, güzəştli mənzil əldə etmək üçün kateqoriyalar müəyyən olunub: "Satış prosesində mənzili əldə etmək hüququ olan şəxslər iştirak edir. Qaydaya əsasən, mənzillərin 3 il müddətində özgəninkiləşdirilməsinə məhdudiyyət nəzərdə tutulub. 3 il müddətinə bu mənzilin kirayə verilməsi, satışı rəsmiləşdirilə bilməz”.


Müəllif: Aysel Azad