400-dək alim türk xalqları ilə bağlı müzakirələr aparıb
Moskvada (Rusiya Federasiyası) “Qaraçay – Balkar xalqının etnogenezi, tarixi, dili və mədəniyyəti” Beynəlxalq Elmi Konfrans keçirilib. AMEA-nın müxtəlif institutlarını və Azərbaycanın bir sıra elm ocaqlarını təmsil edən tədqiqatçı alimlər bu konfransda iştirak ediblər. Konfrans N.N. Mikluxo – Maklay ad. Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutunun “Avrasiya xalqlarının tarixi – mədəni irsi” forumu çərçivəsində təşkil edilib.
Konfransda 18 ölkədən (Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Norveç, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Finlandiya, Macarıstan və d.) 400-dək alim (10-u akademik, 5-i müxbir-üzv, 350-si elmin müxtəlif sahələri üzrə fəlsəfə doktoru olmaqla) iştirak edib. REA Prezidiumunun binasında təşkil olunmuş 15 “dəyirmi masa”larda elmin müxtəlif sahələri üzrə 392 çıxış dinlənilərək müzakirələr aparılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun Teleqraf.com-a verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyətində təmsil olunan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçıları içərisində, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun (“Skif-sarmat dünyasının etnik və dini tərkibi problemləri”; “Skif probleminin fənlərarası tədqiqatının strukturu”) və Pərviz Qasımovun (“Eneolit, tunc və erkən dəmir dövrü Pont – Cənubi Ural çöllərinin çöl arxeoloji mədəniyyətlərinin etnik atributsiya metodlarının tənqidi”) çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Konfransda təmsil olunan Azərbaycan tədqiqatçılarının çıxışları müzakirələr və diskussiyalarla müşayiət olunub.
Konfransın sonunda yekdilliklə qətnamə qəbul edilib. Qətnamədə skiflərin təkcə İran dillərində danışmaları barədə fikrin elmi cəhətdən səhv olduğu qeyd edilib. Konfrans iştirakçılarının gəldiyi nəticəyə görə, Skif imperiyası tərkibində müxtəlif dillərdə, o cümlədən, türk dillərində danışan tayfalar olub. Həmçinin, sarmat-alan etno-dil məkanının tərkibinin polietnik dəyərləndirilməsi təklif edilib. Konfransın qətnaməsində humanitar tədqiqatlarda «türk xalqları» anlayışının sinonimi kimi «türkdilli xalqlar» termininin istifadəsinin qeyri-korrektliyi qeyd edilib. Həmçinin, qətnamədə Şərqi Avropada qədim türk-run əlifbasının (onun Kuban variantının) yayılmasının inkaredilməzliyi barədə fikirlər və digər aktual tezislər də öz əksini tapıb.
Azərbaycan alimi, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun Skif imperiyasını idarə etmiş Çar skiflərin türk etnosu olması, Qədim Türk tarixinin hələ hunlara qədər skif, kimmer, sak, sarmat və alan tayfaları dövründən başlanması və skiflərin 2700 il əvvəl Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda dövlətlərini yaratmaları fikri konfrans iştirakçıları tərəfindən dəstəklənərək qətnamədə öz əksini tapıb.
Konfransda qarşıdakı hər iki ildən bir təşəbbüsün davam etdirilməsi üçün təşkilat komitəsi yaradıldı və iki ildən sonra Qazaxıstanın paytaxtı Astanada növbəti konfransın keçirilməsi barədə qərar qəbul edildi.
Sevil HİLALQIZI