2 Dekabr 2014 14:49
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “İş yerinə dair arayış” adlı növbəti elektron xidmətin vətəndaşların istifadəsinə verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əhaliyə xidmət sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi ilə bağlı işlərin uğurla davam etdirildiyini vurğulayıb:

“Nazirliyin fəaliyyət sahələrində informasiya texnologiyalarının tətbiqi prosesi genişlənir. Bu proses eyni zamanda vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, nazirlik tərəfindən göstərilən elektron xidmətlərin sayının artması ilə müşaiyət olunur”.

Nazir müavini dövlət başçısının 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan etibarən respublikamızda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin uğurla tətbiq olunduğunu qeyd edib: “Ölkəmizin əmək münasibətləri sahəsində mühüm islahat tədbiri olan elektron informasiya sisteminin tətbiqi mövcud əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı dolğun məlumat bazasının yaradılmasına şərait yaradıb. Yəni burada əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə məlumatlar əksini tapıb. Bu da muzdla çalışan şəxslərə lazımi hallarda iş yerləri barədə elektron arayışların verilməsinə imkan yaradıb. Hazırda təqdim olunan yeni elektron xidmət növü də bu məqsədə xidmət edir”.

İdris İsayev artıq yeni xidmətin “Elektron Hökumət” portalında (www.e-gov.az) yerləşdirildiyini, eyni zamanda nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində eyni adlı bölməyə daxil olmaqla “Elektron Hökumət” portalındakı həmin xidmətə keçidin mümkün olduğunu bildirib: “Artıq vətəndaşlar işəgötürənə müraciət etmədən, buna vaxt və vəsait sərf etmədən (nəqliyyat xərci) iş yerindən arayış əldə edə biləcəklər. Belə ki, müxtəlif təşkilatlar (dövlət və özəl qurumlar, banklar, məktəblər, bağçalar, səfirliklər və s.) tərəfindən vətəndaşlardan onların iş yerlərinə və əmək haqlarına dair arayışlar istənildiyi hallarda, onlar “İş yerindən arayış” adlı elektron xidməti vasitəsilə onlayn formada bunu əldə edə bilərlər”. Nazir müavini bildirib ki, vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər. Bununla yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim etmək imkanı da verilir.

ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov “İş yerinə dair arayış” adlı növbəti elektron xidmətin texniki imkanları barədə məlumat verib. O, bildirib ki, elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır. Eyni zamanda “İş yerinə dair arayış” adlı növbəti elektron xidmət arayış təqdim olunan quruma bu arayışı formalaşdırmış əmək müqaviləsi bildirişi üzrə dəyişikliklər barədə məlumatı əldə etmək imkanı verir. Lakin bu məlumatın ötürülməsi vətəndaşın razılığı şərti ilə və arayışın etibarlılıq müddətində mümkündür.

Tədbirdə bildirilib ki, belə bir e-xidmətin istifadəyə təqdim edilməsində məqsəd vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır. Həmçinin bu tədbir nəticəsində vətəndaşların qeyd olunan arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyatı şəxslərinə müraciət etmələrinə və kağız formasında arayışları almalarına, beləliklə, onların, eləcə də qeyd olunan şəxslərin müəyyən qədər vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.

Digər tərəfdən, müvafiq hallarda vətəndaş tərəfindən verilən arayışın düzgünlüyünün yoxlanılması üçün arayışın təqdim olunduğu qurumlar həmin sənəddə əksini tapan ştrix-kod vasitəsilə "Elektron hökumət" portalında olan "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə həyata keçirə bilər. Bununla, arayış təqdim edilən təşkilatlarda vətəndaşın fərdi məlumatlarının dəqiq göstərilməsinə əminlik yaranmaqla, bu və ya digər halda onlara saxta arayışların və qeyri-düzgün, şişirdilmiş şəkildə əmək haqqı məlumatlarının təqdim olunması halı tamamilə aradan qaldırılır.

Təqdimat mərasimi jurnalistlərin suallarının cavablandırılması ilə davam edib. Qeyd olunub ki, ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsi tərəfindən nazirlik tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində işlər davam etdirilir və yaxın vaxtlarda ardıcıl olaraq digər elektron xidmətlərin də istifadəyə verilməsi planlaşdırılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər