13 İyul 2022 11:00
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban Qurbanovun gördüyü yuxuya heç kəs inanmazdı. Əslində özüm də belə bir yuxu görmüşdüm. Yuxumda gördüm ki, Ağdamdan, Xocalıdan, Əsgərandan, Xankəndidən keçib Şuşaya gedirik. Çox qəribə də olsa, Qurbanla eyni yuxunu görmüşük. Çünki mən "Qarabağ" komandası ilə yatıb-dururam, ürəyim onlarladır. Ağdamdan çıxandan da o komanda ilə birlikdə olmuşam. Hətta "Qarabağ" uduzanda da zəng vurub Qurbana təsəlli verirəm ki, ruhdan düşmək olmaz. Bu futboldur, futbolda belə şeylər olur. "Barselona", "Çelsi" kimi komandalar uduzur, burada nə var ki?..

Bunu Teleqraf.com-a "Qarabağ" - "Lex" oyununu, 5:1 hesablı tarixi qələbəni şərh edən Milli Məclisin deputatı Aqil Abbas deyib.

O qeyd edib ki, komandanı sevənlər o uduzanda belə daha çox isti münasibət göstərməli və ürək-dirək verməlidir:

“Komanda uduzanda ağız büzmək olmaz. Polşada ilk oyunda "Lex"ə uduzanda bəzi ağzı göyçəklər Qurban Qurbanov haqqında nə gəldi yazdılar. Amma ötən gün gözəl qələbə qazanıldı. Komandamızı, hər kəsi təbrik edirəm. Vallah elə bir yerdə idim ki, oyundan sonra mətbuat konfransına bax bilməmişdim. Olduğumuz yerdə bir televizor var idi. Burdakılar futbol bitən kimi kanalı çevirdilər ki, Muğam festivalı gedir. Mən də bir söz deyə bilmədim. Bir müddət keçəndən sonra gördüm ki, zənglər gəlir, bəs, Qurban belə bir söz deyib. Mənim də ürəyim açıldı. Deməli, Allah mənim duamı eşidib. Hər ağızda bir dua var. Səhər yuxudan duran kimi "Qarabağ"ın udması üçün dua etmişdim. Hətta oyun başlayanda da dua etdim. Maşallah "Qarabağ" komandası, uşaqlar da kişi kimi oynadılar. "Lex"i tapdaladılar. İnşallah növbəti turdakı rəqimiz “Surixi” də keçəcəyik”.

Millət vəkili deyib ki, "Qarabağ" komandası gözəl bir oyun nümayiş etdirdi və Qurban Qurbanov bu oyunu Azərbaycana, Qarabağa həsr etdi:

“Qurbanın mətbuat konfransında yuxumda Aqil Abbası görmüşəm deməsindən yəqin ki, çoxları narahat olub. Ağdam azad olunandan sonra ilk səfərim də "Qarabağ" komandası ilə oldu. Orada Mənsur İbrahimov muğam oxuyanda oynamağa çıxdım "Qarabağ" komandası da məni tək qoymadı. Uşaqlar gəlib mənimlə oynadılar. Sizə bir epizod danışım: bir neçə il öncə Nizami kinoteatrında bir tədbirdə Qara Qarayevlə, Mahir Əmrəli mənə yaxınlaşıb dedilər ki, Aqil müəllim, sizinlə şəkil çəkdirmək istəyirik. Səhəri gün həmin şəkli “Ədalət” qəzetində çap etdik. Şəklin başlığına da yazmışdım ki, baxın, görün mən kimlərlə şəkil çəkdirmişəm. Onlar mənimlə şəkil çəkdirmək üçün yaxınlaşmışdılar. Amma mən fəxr etdim ki, Azərbaycanın iki futbol ulduzu ilə şəkil çəkdirmişəm. Çünki mənim ürəyim bu komanda ilə döyünür. Allah Qurbanı saxlasın, o komanda Azərbaycan futbolu üçün canını qoyur. Vaxtilə qəzetdə yazmışdım ki, Elmar Məmmədyarovdan çox Qurban Qurbanov və "Qarabağ" komandası iş görür, əziyyət çəkir. Siz də xatırlayarsınız ki, "Qarabağ" komandası Çempionlar Liqasına düşəndə Braziliya qəzetləri Qarabağdan, Ağdamdan yazmışdı. Ona görə də futbol çox böyük siyasətdir. Bir daha Qurbanı, "Qarabağ" komandasını təbrik edirəm, öpüb bağrıma basıram”.


Müəllif: Tapdıq Qurbanlı