14 İyul 2022 18:00
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycanın gömrük sistemində aparılan islahatların nəticəsi olaraq gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyəti 3 dəfədən çox artıb.

Teleqraf.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bunu qurumun sədri Səfər Mehdiyev "Caspian Energy Club”un üzvlərinin iştirakı ilə keçirilən biznes forumda bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlardan danışan Komitə sədri vurğulayıb ki, ölkə başçısının hərtərəfli diqqət və qayğısı nəticəsində gömrük orqanları qabaqcıl texnologiyalara malik, ixtisaslı kadrlar və müasir infrastukturla təmin olunan dinamik quruma çevrilib.

İslahatların əsas hədəfinin xarici ticarət iştirakçıları üçün asan, sürətli və şəffaf gömrük sisteminin yaradılması olduğunu vurğulayan S. Mehdiyev hərtərəfli dövlət qayğısı nəticəsində hazırda gömrük-sərhəd keçid məntəqələrində infrastrukturun əsaslı şəkildə yenidən qurulduğunu, ən müasir texniki nəzarət vasitələri ilə təchiz edildiyini bildirib. Nəticədə sərhədkeçmə proseslərinə sərf olunan 2-3 saatlıq müddət 4-5 dəqiqəyə endirilib, gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti bir istiqamətdə 200 yük nəqliyyat vasitəsindən 700-ə çatdırılıb.

Onun sözlərinə görə, hazırda Gürcüstanla sərhəddə yerləşən gömrük-keçid məntəqələri vasitəsilə bir istiqamətdə 1 000-dən artıq nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Rusiya ilə ilə sərhəddə inşa olunan “Xanoba” gömrük postu fəaliyyətə başladıqdan sonra isə şimal istiqamətində gündəlik 2 000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkün olacaq. Komitə sədri vurğulayıb ki, sərhədkeçmə prosesində əldə olunan nailiyyətlər beynəlxalq ticarətin asanlaşdırılması ilə yanaşı, xarici ticarət iştirakçıları üçün münbit biznes mühitinin formalaşdırılmasına şərait yaradıb, vaxt və vəsait itkisinin qarşısı alınıb.

S. Mehdiyev gömrük orqanlarının fiskal sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, maliyyə nəzarətinin gücləndirilməsi, uçotun düzgün qurulması, könüllü riayət mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımlar nəticəsində dövlət büdcəsinə ödənilən vəsaitlərin miqdarında ciddi artım müşahidə olunur. Komitə sədri bu sahədə uğurların əldə olunmasında kölgə iqtisadiyyatının, inhisarçılığın aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin də əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Gömrük sistemində tətbiq edilən layihələrdən, innovativ yeniliklərdən bəhs edən Səfər Mehdiyev “Yaşıl dəhliz” buraxılış sisteminin timsalında bu yeniliklərin sahibkar-məmur təmasının minimuma endirilməsinə, ölkəmizin ixrac potensialının artırılmasına, gömrük sistemində şəffaflığın təmin olunmasına şərait yaratdığını vurğulayıb.

Komitə sədri gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onların gömrüklə bağlı məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Sonda Komitə sədrinə “Caspian Energy Club”un Fəxri üzvlük sertifikatı təqdim edilib. Eyni zamanda, klubun üzvlərinə və bir qrup sahibkara səmərəli fəaliyyətlərinə görə “Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı təqdim olunub.


Müəllif: Teleqraf.com