15 İyul 2022 18:15
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim-radioloq Aydın Əliyev son günlər artan yoluxma sayı ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Doktor, biz pandemiya ilə vidalaşdığımızı zənn etdiyimiz halda bu gün yoluxma sayı 200-ə çatır. Nə baş verir?

- Pandemiya bitib, heç bir geridönüş yoxdur, fikrimcə, əlavə karantin tədbirləri tətbiq edilməməlidir. Yoluxma sayının artmasını bəhanə edib insanları maska taxmağa məcbur etmək, cərimələmək absurddur. Yoluxma sayı 5 minə də qalxsa, 10 minə də qalxsa, bu xəstəliyin bizim üçün heç bir qorxusu yoxdur. Əksər insanlar peyvəndlənib, kollektiv immunitet formalaşıb. Panikaya düşmək lazım deyil. Mən müvafiq qurumlara da səslənirəm, yoluxma sayının artmasını bəhanə edib, insanları karantin qaydalarına məcbur etmək yolverilməzdir.

- Hazırkı yoluxma sayının artması nə ilə əlaqədardır?

- Yoluxma sayının artması sadəcə statistik rəqəmdir, insanlar qrip keçirir. Yoluxmanın artmasının heç bir qorxusu yoxdur. Çünki xəstəlik mutasiya keçirib, ağırlaşma, ölüm dərəcəsi demək olar ki, sıfıra bərabərdir. Buna görə də sərtləşdirmə, karantin qaydalarına ehtiyac yoxdur.

- Bəs meymunçiçəyi bizim ölkədə qeydə alına bilər?

- Qonşu Türkiyə, Rusiya, Gürcüstan, İranda xəstəliyə yoluxma aşkarlandığı üçün bu, qaçınılmazdır. Amma bunun pandemiyaya çevrilmə ehtimalı yoxdur. Çünki meymunçiçəyinə yoluxmaq üçün xəstə ilə dəri vasitəsilə kontaktda olmaq, onun əşylarından istifadə edilməlidir. Amma hava-damcı yolu ilə xəstəliyin keçmə ehtimalı çox azdır. Bu səbəbdən meymunçiçəyinin pandemiyaya çevrilmə ehtimalı sıfıra bərabərdir. Bu məsələ 3 aydır var, amma dünya üzrə yoluxma 10 min nəfərdir. Bu o deməkdir ki, yoluxma əmsalı çox aşağıdır.

- Necə düşünürsünüz, hazırda vaksinasiyanın davam etdirilməsinə ehtiyac varmı?

- COVID-19 virusuna qarşı hazırda vaksinasiyanın davam etdiriləsinə ehtiyac yoxdur. Digər mövsümü peyvəndlər isə edilməlidir. Peyvənd bəşəriyyətin ehtiyacıdır.

- Siz qeyd etdiniz ki, COVID-ə qarşı əlavə tədbirlərə ehtiyac yoxdur. Amma dünya ölkələrində artıq təkrar maska tələbi gündəmə gəlib.

- Bu, bizim ölkəmiz üçün aktual deyil. Çində 1 milyard yarım əhali var, tez qapanma tətbiq edildiyi üçün əhalidə kollektiv immunitet yoxdur. Buna görə də orada bu kimi tədbirlərin görülməsi normaldır. Amma Azərbaycanın əhalisi azdır, əhalinin böyük qismi yoluxub sağalıb, peyvəndlənib. Yalnız yanaşı xəstəliyi olanlar, immuniteti zəif olanlara bu qoruyuculardan istifadə tövsiyə olunur.


Müəllif: Aysel Azad