21 İyul 2022 09:14
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyası ilə vəziyyətin əvvəlki dövrlərdəki kimi ağır olması real deyil. Pandemiya öz qürubuna yaxınlaşmaqdadır və proses yavaş-yavaş sönəcək.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, virusun Omikron ştammının yeni növlərinin yoluxma potensialı həddindən artıq yüksəkdir:

“Çünki virus yaşamaq üçün özünə yeni yer axtarır. Yoluxma potensialı yüksəlir, lakin öldürücülük qabiliyyəti aşağı düşür. Pandemiya bitməyib, karantin rejimi davam edir. Epidemioloji vəziyyətə görə müəyyən qərarlar verilə bilər. Qapalı mühitdə, rəsmi tədbirlərdə maska taxmaq, sosial məsafə gözlənilməsi, əllərin gigiyenası ilə bağlı qərarlar tam təbiidir. Bunlar adi tələb olunan şərtlərdir”.

Professor qeyd edib ki, kütləvi tədbirlərdə iştirakçı sayının azaldılması tələbi də gündəmə gələ bilər:

“Çünki mümkün qədər kütləvi tədbirlər, el adətlərinin minimal say çərçivədə keçirilməsi zərurəti yarana bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq belə qərarların verilməsi təbiidir. Əslində, müəyyən karantin qaydalarına əməl etmək zərurəti yarana bilər. Amma çox sərt karantin rejiminə qayıtmaq ehtimalı yoxdur".


Müəllif: Aysel Azad