21 İyul 2022 20:57
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mədəniyyəti coğrafiyasına daxil olan Türkiyənin Qars şəhərində yaşayan soydaşlarımız əski zamanlardan bəri musiqimizi, ədəbiyyatımızı, kültürümüzü yaşadıblar. Onlar ictimai-siyasi fəaliyyətlə yanaşı teatr və musiqi qrupları da yaradıblar. Erol Özaydının qurduğu “Azərbaycan orkestri” də musiqimizin təbliği istiqamətində mühüm addımlardan olub.

Musiqiçi Erol Özaydın 1939-cu ildə Qarsda doğulub. Lisey təhsilini bitirdikdən sonra Ankara Universitetinin Dil-Tarix-Coğrafiya fakultəsinin alman filologiyası bölməsinə daxil olub. Lakin həmin il hərbi xidmətə göndərilib, 1961-ci ildə İstanbul Universitetinin Riyaziyyat bölməsini qazanıb. Üç il sonra universitetdən ayrılaraq jurnalist və musiqiçi kimi çalışmağa başlayıb. Uzun müddət “Dünya” mətbuat agentliyinin və “İnfaz” jurnalının yazı işləri müdiri olub.

Erol bəy hələ lisey və universitet tələbəsi olduğu dövrlərdə Qars xalq oyunları ilə bağlı qrup yaradıb, bu heyətlə birgə çalışıb. Musiqi və folklor qrupu ilə 17 dəfə Avropada, eləcə də Amerika və Yaponiyada da festivallara qatılıb. Musiqiçi kimi 18 val, 4 kaset ərsəyə gətirib. 1975-ci ildə “Azəri türküləri” adlı kitabı işıq üzü görüb.

Erol bəy 1958-1959-cu illərdə Qars liseyində Turqut Səlcuq, Gürbüz Ünal, Temraz Apaydın kimi dostları ilə birgə Qars Folklor Qrupunu yaradıb. 1960-1961-ci illərdə Vanda hərbi xidmətdə olarkən əsgəri birlikdə Türkiyə Cümhuriyyətinin ildönümü münasibətilə folklor oyunları tərtib edib.

21 günlük gəmi səfəri

1962-ci ildə Robert-Arnavutköy Qızlar Kollecinin folklor qrupu Amerikaya dəvət edilib. Erol bəy də bu qrupun Qars-Artvin yörələrinin oyunlarında qarmon ifaçısı olaraq iştirak edib. “MW Giresun” adlı gəmi ilə yola düşən qrup 21 gün sonra Nyu-Yorka çatıb. Kaliforniya, Çikaqo, Vaşinqton, Boston kimi yerlərdən axışan türklər konsert proqramına qatılıblar. Erol bəy xatirələrində bu səfərlə bağlı yazıb: “1962-ci ilə qədər Amerikada yaşayan türklərin çəkdikləri vətən həsrətini izah etmək mümkün deyildi. Proqramımızı Qars yörəsinin oynayacağı oyunla bağlayacaqdıq. Iğdırbarı, Azərbaycan, Kentvari, Qafqaz, Qısqanç və Şeyx Şamil oyunlarından sonra növbə Mustafa Kamal paşa oyununa gəlmişdi. “Hoş gəlişlər ola, Mustafa Kamal paşa... deyildiyində gənc bir qızın Türk bayrağını sinəsindən çıxarıb dalğalandırdığı o an, bayrağı öpmək üçün səhnəyə yürüyən türklərin alqış səsləri məni o qədər duyğulandırmışdı ki, qarmonumun çiynimdən düşdüyünü belə hiss etməmişdim”.

Azərbaycan Gənclik Dərnəyində

Azərbaycanlı mühacir Eldəniz Qurtulanın İstanbulda yaratdığı Azərbaycan Gənclik Dərnəyində Erol bəy də yer alıb. 1962-1967-ci illərdə fəaliyyət göstərdiyi dövrdə dərnək bir sıra mədəni tədbirlər həyata keçirib. Məsələn, Azərbaycan əsilli Səttar Güldürün rejissorluğunda Bəyoğludakı “Saray” sinemasında “O olmasın, bu olsun” əsəri səhnələşdirilib. Oyunun musiqi heyətində Erol bəy də yer alıb. Üç il sonra bu əsər növbəti dəfə yenə Azərbaycan əsilli musiqiçi Məhəmmədhüseyn Berkin rejissorluğunda Bəyoğlunda “Yeni komediya” teatrında səhnəyə qoyulub, bu dəfə isə musiqi “Erol Özaydın Azəri Orkestri”nin idarəçiliyində olub.

Erol bəyin qurduğu orkestrin bəzi üzvləri bu şəxslərdi:

Tarzən Atilla Arasoğlu – 1967-ci ildə tarzən olaraq heyətə qatılan Atilla bəy inşaat mühəndisi olub. Uzun illər bu heyətdə çalışıb, iyirmiyə yaxın musiqi valının hazırlanmasında iştirak edib. Erden Ener, Nükhet Duru, Necla Akben, İclal Akkaplan, Huşeng Azeroğlu kimi müğənnilərlə çalışıb. “Məşədi İbad” və s. oyunlarda tar ifa edib.

Nağaraçı Adil Döner – 1933-cü ildə Iğdırda doğulub. İstanbula gəldikdən sonra Azərbaycan folklor qruplarında nağaraçı olaraq çalışıb, bir neçə sənətçi ilə birgə işləyib. İngiltərə və Bolqarıstanda keçirilən festivallarda iştirak edib.

Nağaraçı Esat Tekdal – 1963-cü ildən etibarən musiqiçiliyə başlayıb. Qarsın folklor qruplarında çalışıb.

1963-cü ildən etibarən Erol bəy Fatih ibtidai sinfinin Qars Folklor Qrupunun müəllimi olub. Türk Ticarət Bankının 1967-ci ildə təşkil etdiyi Mərmərə bölgəsi xalq oyunları yarışmasında Fatil məktəbi Qars Folklor Qrupu üçüncü yer tutub. Həmin il Erol bəy dərs dediyi bu qrupla birgə ilk dəfə olaraq televiziyaya çıxıb. Bu illərdə o, “Qurban” adlı oyunun da səhnəyə qoyulmasında iştirak edib. 1969-cu ildə Fransanın Metz şəhərində baş tutan beynəlxalq folklor yarışmasına Erol bəy də qatılıb. 1970-ci ildə isə Yaponiyanın Osaka şəhərində keçirilən “Expo 70” sərgisinə Türkiyə heyəti ilə birgə gedib. Həmin sərgidə məşhur müğənni Zəki Müren də iştirak edib. Erol bəy Z.Mürenlə Maksim qazinosunda bir ay birlikdə çalışıb.

1973-cü ildə bir alman liseyində işlədiyi zaman onun hazırlaşdırdığı qrupun oyununu izləməyə gələnlər arasında İsmət İnönünün həyat yoldaşı Mevhibə xanım da olub. Çünki İnönünün nəvəsi Eren də həmin qrupda idi.

Erol bəy 26 yanvar 1973-cü ildə İstanbulda “Şəfəq” sinemasında konsert proqramı təşkil edib. Həmin proqramda Azərbaycanda çəkilən “Əhməd haradadır?” filmi də göstərilib.

Erol bəyin orkestri Yılmaz Güneyin baş rolda oynadığı “Aslan bəy” filminin musiqilərini də səsləndirib. Bu film Qafqaz türklərinin Rusiya ilə mücadiləsi mövzusunda idi.

Zeynəb Xanlarova ilə bağlı xatirə

Erol bəy xatirələrində Azərbaycanın xalq artisti Zeynəb Xanlarova ilə görüşündən də bəhs edib:

“1977-ci il. Zeynəb Xanlarova hər il tərtib olunan İstanbul festivalına dəvət olunmuşdu. Konsert Harbiye Açıq Hava Teatrında olacaqdı. Sənətçini 5 minə yaxın tamaşaçı izləyirdi. O illərdə Sovetlərdən gələn bir sənətçi ilə danışmaq mümkün deyildi, hələ türk olardısa, tamamilə imkansızdı. Konsertin ilk hissəsi bitmiş, fasilə verilmişdi. Mən Zeynəb Xanlarovaya 1975-ci ildə çap etdirdiyim “Azəri türküləri” adlı kitabımı hədiyyə etmək istəyirdim. Amma təəssüf ki, kosertdə onunla görüşmək çox çətin idi. Bir tərəfdən türk polisi, digər tərəfdən Sovet təhlükəsizlik nümayəndələri sənətçini mühafizə altına almışdılar. Kulisin qapısında dayanan, tanıdığım polis məmuruna yaxınlaşdım, vəziyyəti ona danışdım. Məmur mənə: “Erol, sən gözlə, mən içəriyə girib özü ilə danışıb gələcəyəm. Əgər qəbul edərsə, sənə xəbər verəcəyəm” dedi. Aradan 1-2 dəqiqə keçməmişdi ki, polisin işarəsi ilə yerimdən qalxdım, kulisdə Xanlarova ilə görüşdüm. Məni tənha bir yerə çəkərək dedi: “Erol, mənə Türkiyə Cümhuriyyəti tarixi ilə bağlı bir kitab gətirə bilərsənmi?”. Kulisdən ayrıldım. Ertəsi axşam aldığım kitablarla təkrar teatra getdim. Şəkər qutusuna sarılmış kitabları yenə həmin türk polisi sayəsində Xanlarovaya verdim”.

17 kitab müəllifi Erol bəyin üç övladı olub.

“Erol Özaydın Azərbaycan Orkestri”nin 1968-ci ildə ifa etdiyi “Məşədi İbad”dan bir musiqini təqdim edirik:


Müəllif: Dilqəm Əhməd