3 Dekabr 2014 12:11
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərgidə 25 ölkədən 250 şirkət iştirak edir

Dünəndən başlayaraq dekabrın beşinə kimi Bakı Ekspo Mərkəzində XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (Bakutel-2013) keçiriləcək. Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı tərəfdaşı olan “Iteca Caspian”ın təşkilatçılığı ilə keçirilən sərgidə 25 ölkədən 250 şirkət iştirak edir. Paytaxtımızda keçirilən və böyük marağa səbəb olan sərgi ilə tanış olmaq üçün biz də sözügedən ünvana Ekspo Mərkəzə yollandıq.

150 milyonluq investisiya

İlk olaraq qeyd edək ki, sərgiyə görə “Koroğlu” metrostansiyasının yaxınlığından hər saatın tamamında pulsuz avtobuslar iştirakçıları Ekspo Mərkəzə aparır. Biz də bu avtobuslardan birinə minib sərginin keçirildiyi yerə getdik. Təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra sərgi salonuna daxil olduq. Sərgi yüksək səviyyədə təşkil olunub. Burada hər yaşda, gənc, qoca adama rast gəlmək mümkün idi.

Sərginin açlışında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da iştirak edirdi. O, sərgi haqqında öz fikirlərini jurnalistlərlə bölüşdü: “Sərgidə 25 ölkədən 250-dən çox şirkət iştirak edir. Onlardan 40 faizi yerli şirkətlərdir. Burada yeni sistem və layihələr nümayiş etdirilir. Sərginin davam edəcəyi müddət ərzində bir neçə konfrans və seminar keçiriləcək”.

Nazir “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti SPOT-7 (AzerSky) aşağıorbitli peykin idarəçiliyinin təhvil verilməsi barədə sənəd imzalandığını qeyd etdi. Onun sözlərinə görə, məsafədən zondlama məqsədi ilə nəzərdə tutulmuş peykdən ərazinin fotoşəklinin çəkilməsi üçün istifadə oluna bilər: “Məsələn, fövqəladə hallar zamanı, ekoloji problemlərin həll edilməsi üçün kənd təsərrüfatında, kartoqrafiya və s. üçün bunu həyata keçirmək olar. Azərbaycan belə peyki orbitə buraxmış 20-ci ölkədir. Hazırda orbitdə bu cür peyklərin sayı təqribən 50 ədəddir. Hər iki peykə 150 milyon investisiya qoyulub. İnvestisiyanin 85 faizi Fransa bankı tərəfindən kiçik kreditlərlə maliyyələşdirilir”.

50.000 dollarlıq telefon

Sərgiyə girər-girməz, "Bakinty" şirkətinin stendi diqqətimizi çəkdi. Stendə yaxınlaşanda şirkətinə məxsus kameralı telefon nümayiş olunurdu. Şirkətin satış meneceri Samir Rüstəmov bildirdi ki, bu telefon daha çox şirkətlərə satılır: “Cisco şirkəti 1986-cı ildən, ölkəmizdə isə 20 ilə yaxındır fəaliyyət göstərir. Ön kameralı telefon daha çox konfranslarda istifadə olunur. Çünki, bu telefonun qiyməti 50.000 dollardır. Bu telefonu fərdi olaraq çox az insan alır. Bunun üçün bu telefona daha çox, dövlət, özəl şirkətlər və bank sektoru müraciət edir. Səbəb isə xarici ölkələrdə videokonfrans etməkdir”.

Sərgidə pulsuz xidmət göstərən və marağa səbəb olan stendlərdən biri də “Elektron hökumət” portalının stendi idi. Stendin bələdçisi bizimlə söhbətində bildirdi ki, elektron imza almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə edə bilirlər: “Vətəndaşlar yalnız pavilyon ərazisindən www.e-gov.az portalına daxil olur, elektron imza ”Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi" online müraciət formasını doldururlar və ödənişsiz olaraq sifariş qəbul edilir. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına e-imza vəsiqələri hazırlanaraq, kart oxuyucu ilə birlikdə onlara təqdim olunur".

Texnologiya, yoxsa ərzaq sərgisi?

Texnologiyaların sərgisi arasında “Ordubad nemətləri” məhsullarının da sərgisi keçirilirdi. Stend bələdçisi Yaşar Nəzərəliyevin sözlərinə görə, “Ordubad nemətləri”nin içərsində əsas yeri böyrək otu tutur: “Böyrək otu qaraciyər, böyrək mədə-bağırsaq xəstəliklərinə xeyirli təsir edir. 17 növü olan bu böyrək otunu dəmlədikdən sonra 25 dəqiqə saxlayıb gün ərzində 3 dəfə içirsən. Bu otun qiyməti bir manatdır. Sərgidə böyrək otu ilə yanaşı, mürəbbələr də nümayiş olunurdu. Mürəbbələrin qiyməti isə üç manatdan başlayır”.

“Formula 1" maşınları

Sərgi ilə tanış olarkən bir uşağın səsi diqqətimizi çəkdi. Bu səsin haradan gəldiyi ilə maraqlanmaq üçün səsin eşidildiyi yerə getdik. Burada bir pavilyonun ətrafına insanlar toplaşmış və gülüşürdülər. Onlara yaxınlaşdıqda məlum oldu ki, bu, türklərin stendidir və onlar oyun üçün olan “formula 1" maşını nümayiş etdirirlər. Hərəkət edən bu maşın iştirakçıların marağına səbəb olurdu. Belə ki, oyun üçün olan bu ”formula1" maşınlar eynilə yarışlardan alınan zövqü verir.

2.5 metr hündürlüyü olan robot

Bakutelin sərgisində öz fərqli dizaynı ilə seçilən “Azərkosmos” ASC-nin qarşısında demək olar ki, bütün sərgi ziyarətçiləri şəkil çəkdirirdilər. “Azərikosmos”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev bizimlə söhbətində bildirdi ki, bu stenddə “Azərspace-1" peykinin göstərdiyi telekommunikasiya və yayım xidmətlərinə dair məlumatlar, eləcə də gələcəkdə yerin məsafədən zondlaşması aşağı orbit peykinə həsr olunan guşə təqdim edilir.

Hər il olduğu kimi bu il də sərgidə robot var idi. Məhz bu robotu görmək üçün sərgiyə gələnlər az deyildi. 2.5 metr hündürlüyü olan robot öz görkəm və dinamikası ilə sərgi iştirakçılarının marağına səbəb olmuşdu. Robot ara məsafələrdə hərəkət etdikcə ərazidə sözün əsl mənasında izdiham yaşanırdı. Öz jestləri ilə diqqət çəkən robota yaxınlaşıb toxunmaq istəyənlər də var idi.

Sərgidə bütün bunlarla yanaşı “Azərpoçt”un səyyar maşınlarıda iştirak edirdilər.

Qeyd edək ki, “Bakutel” sərgisi artıq 20 ildir ki, Bakıda keçirilir. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər dövlətlər sərgidə öz milli pavilyonları ilə çıxış edirdilər. Bu şirkətlər arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem indeqatorları və məşhur brendlərin distribyutorları var.

Dövlət komitələri Bakıda toplaşır

Dekabrın 4-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin iclası keçiriləcək.
Komitədən qəzetimizə verilən məlumatına görə, iclasa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Belorusun Standartlaşdırma üzrə Dövlət Komitəsi, Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi, Özbəkistanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyi, Qazaxıstanın İnvestisiyalar və İnkişaf Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsi qatılacaq. İştirakçılar arasında habelə Ukraynanın “Ukrmetrteststandart” Dövlət Müəssisəsi, Qırğızıstanın İqtisadiyyat Nazirliyi nəzdində Standartlaşdırma və Metrologiya üzrə Mərkəz, Tacikistanın Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət İnspeksiyası Agentliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Katibliyinin rəhbər şəxsləri və digərləri də olacaq.

İclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planının, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər Planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər