Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov tələbələrlə görüşüb.
ATU-dan Teleqraf.com-a verilən məlumata görə, görüşün məqsədi tələbələri narahat edən məsələlərlə tanış olmaq, onların fikirlərini öyrənmək, bəzi problemlərin həlli ilə bağlı təklifləri dinləmək və onların həllinə nail olmaqdan ibarət olub.
Görüşdə universitetin bütün fakültə və kurslarından olan 500-dək tələbə, prorektorlar, dekanlar, kafedra müdirləri və müəllimlər iştirak edib.
Rektor yüksəkixtisaslı həkim kadrların hazırlanması məqsədilə son illər universitetdə görülən işlərdən danışaraq qeyd edib ki, artıq bütün klinik kafedralar tələbələr üçün inşa edilib, müasir tibbi avadanlıqlarla təchiz olunmuş universitet klinikalarında cəmlənib. O, həm tədris terapevtik, həm də tədris cərrahiyyə klinikalarında təcrübi vərdişlərə yiyələnmək üçün təşkil olunmuş treyninq mərkəzlərinin tələbələrin istifadəsinə verildiyini vurğulayıb.
Əhliman Əmiraslanov qış imtahan sessiyasının yaxınlaşdığını qeyd edərək bildirib ki, artıq 4 ildir ki, universitetdə obyektivliyi tam qorumaq məqsədilə imtahanlar insan faktoru olmadan, bilgisayarlar vasitəsilə aparılır.
Sonra tələbələr çıxış edərək onları maraqlandıran sualları birbaşa rektora ünvanlandırmaqla yanaşı, bəzi dərsliklərin həcminin çoxluğu, sərbəst işlərə çox vaxt sərf edilməsi kimi problemlərdən danışıblar. Əhliman Əmiraslanov qeyd edilən problemlərin həlli üçün tapşırıqlar verib.
Naibə QURBANOVA