30 İyul 2022 08:42
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı elmin və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcıdır. Dövlət başçısının elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son fərmanı yeni çağırışların, islahatların tərkib hissəsi kimi günün tələbindən irəli gələn bir sənəddir. Bu fərmanda nəzərdə tutulan dəyişikliklər, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsini və təhsil uğurları əsasında elmin inkişafını hədəfə alıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılmış, Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentliyin yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra strukturlarının Nazirliyin tabeliyinə verilməsi nəzərdə tutulmuşdur. Sənəddə də qeyd olunduğu kimi, bu Fərmanın imzalanmasında əsas məqsəd dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi, qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə çağdaş dünyanın tələblərinə cavab verən idarəetmənin daha da təkmilləşdirilməsidir.

Tamam Cəfərova qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən islahatlar uğurlu şəkildə davam etməkdədir: "Azərbaycan Prezidentinin elm və təhsillə bağlı köklü islahatları həm də bütövlükdə islahatlar paketinin tərkib hissəsidir. İslahatlar paketi yalnız kadrların dəyişdirilməsi ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində ölkəmiz yalnız idarəçi kadr potensialı baxımından deyil, həm də idarəçilik sisteminin yeniləşməsi ilə növbəti inkişafa yönlənmişdir. Son illərdə bəzi dövlət strukturlarının birləşdirilməsi, yeni qurumların yaradılması, idarəçiliyin modernləşdirilməsi, yeni dünya düzəninə cavab verən idarəetmə formasının qurulması ölkə rəhbərinin idarəetmə sahəsində siyasətinin başlıca xəttini təşkil edir".

Millət vəkili bildirib ki, müasir dövrün reallıqları ölkələr qarşısında həlli vacib vəzifələr qoyur: "Bu vəzifələrin böyük hissəsi istənilən ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsilin payına düşür. Məhz elm və təhsilin üzvi surətdə vəhdəti, biliklər iqtisadiyyatının inkişafına yol açmaqla insan kapitalının formalaşmasını və rəqabət dünyasında ölkənin mövqelərinin möhkəmlənməsini şərtləndirir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin yaradılması dünya təcrübəsində özünü təsdiq etmiş son illərin mühüm reallıqlarından biridir. Dünyada Elm və Təhsil Nazirliyinin yaranması təcrübəsi geniş yayılıb. Bir çox ölkələrdə Elm və Təhsil Nazirliyi və yaxud da Elm və Təhsil Komitəsi, bəzi ölkələrdə Elm, Təhsil və İdman Nazirliyi, digər ölkələrdə isə Elm,Təhsil, İnnovasiyalar, İdman və Gənclər Nazirliyi kimi formatların olduğu məlumdur. Qeyd etməliyik ki, inkişaf etmiş ölkələrdə bir Nazirliyin tabeliyində bir-birinə yaxın olan sahələrin birləşdirilməsi dövrün reallığıdır. Bu sayədə qarşılıqlı fəaliyyətin və inteqrasiyanın real nəticələrini əldə etmək mümkündür.

Bu baxımdan qeyd edək ki, cənab Prezidentin müvafiq Fərmanı Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcıdır. Şübhəsiz ki, bu Fərman təhsil və elm sahəsində dövlət siyasətini, tənzimlənmənin və koordinasiyalı fəaliyyətin uğurla həyata keçirilməsini şərtləndiricək. Millət vəkili Tamam Cəfərova belə deyib.

Tamam Cəfərova bir məqamı xüsusilə qeyd edib: "Uzun müddətdir cəmiyyətdə Elmlər Akademiyasının gələcək fəaliyyəti ilə bağılı geniş müzakirələr aparılırdı. Fərman Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Burada Milli Elmlər Akademiyasının da üzərinə ciddi vəzifələr düşür. Bu qurum Azərbaycan elmində öz sözünü deməyi və yerini qorumağı bacarmalıdır. Dünya elmşünaslığında hər zaman öz mövqeyi olmuş, böyük alimləri ilə tarixdə ad qoymuş Azərbaycanın bütün sahələrdə olduğu kimi, çağdaş elmi fəaliyyətdə də önə çıxması hər kəsi, xüsusilə ölkə rəhbərliyini düşündürən önəmli məsələlərdəndir. Ümummilli lider Heydər Əliyevin elmə və alimlərə qayğısı Prezident İlham Əliyev tərəfindən ötən illərdə uğurla davam etdirilib. Milli Elmlər Akademiyası, onun elmi institutlarının fəaliyyəti daim ölkə rəhbərinin diqqətində olub. Son fərman da elə bu diqqət və qayğının növbəti önəmli nümunəsidir.

Millət vəkilinin fikincə, Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması, ölkənin elmi-intellektual potensialının bir mərkəzdə cəmləşdirilməsi bu sahənin yeni inkişafına səbəb olacaq. Prezidentin fərmanında nəzərdə tutulan islahatlar Azərbaycan vətəndaşının məktəbəqədər təhsildən başlamış elmin zirvəsinədək biliklər aləmində yüksəliş yolunun bir qurumun nəzarətində olmasını təmin edəcək. Elm-təhsil sferasını əhatə edən bu struktur dəyişikliyinin ciddi nailiyyətlərə səbəb olacağı şübhəsizdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının dünya miqyasında inkişaf zirvəsinə çatmasını qəti şəkildə qarşıya məqsəd qoyub və dövlət başçısının imzaladığı məlum fərman ölkəmizdə elmin, təhsilin inkişafına hesablanmış və uğurlu inkişaf strategiyasına böyük töhfədir. İnanırıq ki, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası onun qarşısında qoyulan ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək. Bu müqəddəs vəzifənin icrasında hər iki quruma uğurlar arzulayırıq.


Müəllif: Tapdıq Qurbanlı