“3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi və Ağcabədi rayon İcra Hakimiyyəti Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud olan şəxslər üçün əyləncəli tədbir proqramı keçirib.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə rəhbərliyi tərəfindən sağlamlıq imkanları məhdud olan şəxslər üçün yaradılan şərait, onların reabilitasiyası istiqamətində görülən işlər, qəbul olunan dövlət proqramları haqqında məlumat verib.
Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Beynəlxalq Əlillər Gününün yerli icra strukturları tərəfindən qeyd edilməsini, sağlamlıq problemi olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşılmasını yüksək qiymətləndirib. O bildirib ki, hər bir şəxs ölkə rəhbərliyinin apardığı uğurlu sosial siyasəti dəstəkləyir və ona arxalanır.
Tədbir Ağcabədi, Bərdə və Beyləqan rayonlarından olan sağlamlıq imkanları məhdud şəxslərin musiqi və tamaşa nömrələri ilə davam edib.
Sonda iştirakçılara nahar fasiləsi və müxtəlif hədiyyələr təqdim olunub.
BƏXTİYAR