Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimovla bağlı Nəsimi Rayon Məhkəməsində növbəti hazırlıq iclası baş tutub.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib. S.Vəkilovun sözlərinə görə, növbəti məhkəmə iclası 16 dekabr tarixinə təyin edilib:
“Nəhəyət ki, məhməyə hazırlıq iclası baş tutdu. Növbəti iclas dekabr ayının 16-da keçiriləcək. Məhkəmənin hazırlıq iclasında zərərçəkən tərəfin nümayəndəsinin məhkəmədə iştirak etməsi müzakirə edilirdi. Cinayət Prosessual Qanunvericiliyinə yeni qəbul edilmiş dəyişikliklə bağlı mənim həmin prosesdə iştirakımda problem yaranmışdı. Lakin hakim mənim işdən kənarlaşmağımın zərərçəkən tərəfin müdafiə imkanlarını məhdudlaşdıracağı və qanunun geriyə qüvvəsinin olmaması ilə bağlı vəsatətimizi təmin etdi”.
S.Vəkilov qeyd edib ki, qarşı tərəf məhkəmənin qapalı keçirilməsini istəyirdi:
“Qarşı tərəf bir neçə vəsatət irəli sürmüşdü. Onlardan biri məhkəmənin qapalı keçirilməsi idi. Həmçinin, bəzi şahid ifadələrinin, sənədlərin sübutlar siyahısından çıxarılmasını istəyirdi. Bundan başqa, onlar təkrar ekspertizanın keçirilməsi məsələsini irəli sürdülər. Bu vəsatətlərin biri – təkrar ekspertiza açıq saxlanılmaqla digərləri rədd edildi. Həmçinin onlar zərərçəkən tərəfin vəkilləri və Anar Niftəliyevin verdiyi açıqlamalarla bağlı etirazlarını da bildirdilər ki, guya biz onların təqsirsizlik prezumpsiyasını pozuruq. İclasda demək olar ki, qarşı tərəfin bütün vəsatətləri rədd edildi”.
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.
Hazırda cinayət işinin istintaqı yekunlaşaraq, Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Nəsimi Rayon Məhkəməsində cinayətkar həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində müvafiq olaraq vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.