Bakı Metropolitenində Elmlər Akademiyası istiqamətində hərəkət edən qatarda xanım sərnişinlər arasında mübahisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
Belə ki, sərnişin qadın "TikTok-da canlı yayım açıb və onun bu davranışı digər sərnişinin etirazına səbəb olub.
Nəticədə mübahisə yaranıb və qadınlar bir-birilərinə qarşı qeyri-etik ifadələr işlədiblər.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisəyə münasibət bildirib.
Onun sözlərinə görə, çəkilişə etiraz edən qadın metro əməkdaşlarına şikayət etməyib: “Videoda da görünür ki, hadisə qatarda iki qadın arasında baş verib. Çəkilməsinə etiraz edən sərnişinimiz heç bir problem olmadan istər maşinist rabitəsi ilə əlaqə saxlaya, istərsə də stansiyada metro işçilərinə və ya metro polisinə şikayət edə bilərdi. Belə olduğu təqdirdə, mütləq şəkildə tədbirlər görüləcəkdi. Nazirlər Kabinetinin təsdiq etdiyi Bakı Metropolitenindən istifadə qaydalarına əsasən, Metropoliten ərazisində rəhbərliyin icazəsi olmadan video və ya fotoçəkiliş aparmaq qadağandır. Belə olduğu halda müvafiq tədbirlər görülür. Bu hadisə qatarda baş verdiyi üçün burada sosial məsuliyyətimiz daha çox rol oynayır”.