Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinin 4 hərbçisi ölüb, daha 15-i yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Erməni tərəfinin iddiasına görə, Azərbaycan Ordusu tərəfindən əməliyyat (antiterror) keçirilir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu vurğulanır.
Erməni mənbələri Sərsəng su anbarı yaxınlığında yerləşən Kəlbəcərin (keçmiş Ağdərə -red.) Heyvalı kəndindəki hərbi hissələrinin (Drmbon) PUA ilə vurulduğunu bildirir.
İddialara görə, bir erməni hərbçisi ölüb, 7-si isə yaralanıb.
Antiterror əməliyyatı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlayıb.
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.