Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsindən sonra Ermənistan və erməni kəşfiyyatına bağlı olan şəbəkələrin dünyada fəallaşması sirr deyil. Xüsusi nüans Qisas əməliyyatından sonra Avropaya sığınan və şərti "söyüş müxalifəti" kimi adlandırılan dairələrin bəzi çıxışları bu konteksdə diqqəti cəlb edir.
Məsələn, Yutubda fəaliyyət göstərən "Azad söz" kanalının sahibi Tural Sadıqlı ermənilərin azərbaycanlıların şüuruna yeritmək istədikləri fikirlərin açıq carçısına çevrilir. Sadıqlı bilməyərəkdən və ya şüurlu formada Qarabağdakı separatçı rejimin "dövlət" olduğunu, Artsax adlandırıldığını açıq tonla deyir, hətta "bu dövlətin prezidenti, parlamenti, müdafiə ordusunun" olduğunu bildirir. Bu yolla sanki torpaqlarını minlərlə şəhid verməklə azad edən Azərbaycan cəmiyyətinin beyninə ərazimizdə hansısa "dövlətin" olduğunu təlqin edir. Onun bu təlqininin motivlərinin şübhəli olması mübahisə predmeti deyil. Məhz Sadıqlının bu ampulada çıxış etməsi də təsadüfi deyil. Hələ Vətən müharibəsi zamanı-16 oktyabr 2020-ci ildə Sadıqlı bəyan edirdi ki, erməni lobbisi onun kanalını almaq istəyir. O zaman bununla özünə xalq toplayan Sadıqlı indi ermənilərin azərbaycan xalqına təlqin etmək istədiklərini xüsusi zövqlə təbliğ etməsi ilə bir növ "təsir agenti" roluna girmiş olur.
Bu biabırçı vəziyyəti Teleqraf.com-a şərh edən politoloq Cümşüd Nuriyev hesab edir ki, bütün bunlar təsadüf deyil. Təəssüflər olsun ki, Azərbaycandan kənarda olan və adını blogger qoyan, müxalifətçi kimi özlərini təqdim edənlərin çoxu sifarişlə işləyir. Bu sifarişlər bəzən erməni kəşfiyyat orqanlarından gəlir: "Bir var bu sözləri erməni desin, erməni qarışığı olan desin, bir də var özünü Azərbaycan müxalifətinin ruporu sayan hansısa şəxs desin. Görünür nəsə verəcəklərini deyiblər.
İkincisi, bizdən Avropaya gedənlərin bir hissəsi cinsi azlığın nümayəndəsi, bir hissəsi erməni kökənli olmaq adı ilə, bəlli bir hissəsi isə qaçqın kimi gedib. Tural Sadıqlının hansı yolla getdiyini dəqiq bilmirəm. Amma bilirəm ki, Sadıqlı Ağdamlı-Qarabağın qalası sayılan rayonumuzdandır. Ağdamdan belə birinin çıxması əslində onun Ağdamlı olmadığına dəlalət edir. Nəzərə almaq lazımdır ki, Ağdam ən çox şəhid verən Qarabağın qala qapısıdır. Özü qarabağlı olan birinin belə fikir söyləməsi göstərir ki, növbəti layihə başlayıb. Çünki bizim xaricdə olan bloggerlərin sözləri bitib. Ona görə də bəziləri pul qazanmaq üçün istənilən yola gedəcək".
Cümşüd Nuriyev əlavə edib ki, Avropada oturub danışanların çoxundan belə bir hərəkət gözləsə də, Tural Sadıqlıdan bunu heç vaxt gözləməyib:
"Digərlərindən fərqli olaraq səhv etmirəmsə Sadıqlı şərqşünasdır və sahəsi fars dili üzrədir. Amma təəssüflər olsun ki, belə hərəkətə imza atır. Lakin hər bir millətdə satqınlar olduğu kimi bizdə də satqınlar var. Bundan narahat olmağa dəyməz. Sadəcə bu adam papağını qarşısına qoyub düşünməli idi ki, evini dağıdan, baba və nənəsinin məzarını darmadağın edənlərin maraqlarına oynamaq biabırçılıqdır".