8 May 2014 12:05
1 665

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 2014-cü ilin aprel ayı ərzində vətəndaşlardan daxil olmuş konkret faktlara əsaslanan rəsmi müraciətlərə əsasən “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə Gədəbəy və Ağcabədi şəhərlərində fəaliyyət göstərən 2 sahibkara məxsus obyektlərdə yoxlama aparıb.

Teleqraf.com-un məlumatına görə, keçirilən əyar nəzarəti tədbirləri zamanı obyektlərdə dövlət əyar damğası ilə damğalanmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış 415 zərgərlik məmulatı aşkar edilib.
Həmin məmulatlar ekspertiza, analiz və əyarlanma prosedurlarından keçirilib, müəyyən edilmiş əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb və 4 min 150 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.
Aşkarlanmış nöqsanlarla əlaqədar həmin sahibkarlara inzibati xəta protokolları tərtib edilib, inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərarlar çıxarılıb və 1 600 manat məbləğində cərimə tətbiq edilib.

2014-cü ilin 4 ayı ərzində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 14 qərar çıxarılıb və ümumilikdə 11 min 200 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ilin 4 ayı ərzində 433 min 772 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Naibə


Müəllif: Teleqraf.com