Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının maddi-texniki bazası gücləndirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Mülki Müdafiə Alayında keçirilən andiçmə mərasimində bildirilib.
Mərasimdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.
Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.
Mülki Müdafiə Alayının komandiri mayor Şərif Əsədov, zabit İsmayıl Hənifəyev, əsgər Sultanəli Süleymanov gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, dövlətimizin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayının maddi-texniki bazası ilbəil gücləndirilir. Əsgərlər üçün yüksək xidmət və məişət şəraiti yaradılır. Bu da fövqəladə hadisələr zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsinə imkan yaradır.
Mərasimdə çıxış edən gənc əsgər Yusif Kərimli bildirib ki, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkənlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcək, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklər.
Digər çıxış edənlər Vətənə sədaqət andı içən əsgərlərimizin hərbi anda sadiq qalacaqlarına, intizamlı əsgərlər olacaqlarına, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə inamlarını ifadə ediblər.
Fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamo Abdullayevin təbrikini şəxsi heyətə çatdırıb.
Sonda şəxsi heyətin təntənəli keçidi olub.