4 Dekabr 2014 12:35
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq ölkənin səhiyyə sistemində müasir standartlara əsaslanan yenilənmə işləri aparılır. Əsaslı şəkildə yenidən qurulan tibb ocaqları ən müasir tibbi cihaz və avadanlıqlarla da təchiz olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səhiyyə infrastrukturunun yenidən qurulması və tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər uğurla davam edir.

Dekabrın 3-də akademik Mirqasımov adına Respublika Xəstəxanasının daha bir korpusunda aparılan təmir işləri başa çatdırılıb və tibb müəssisəsi yenidən qapılarını əhalinin üzünə açıb. Qastroentologiya, kardiologiya, nevrologiya və doğum şöbələrinin yerləşdiyi korpusda əhalinin sağlamlığının qorunması və yüksək tibbi xidmətin təşkili üçün hər cür şərait yaradılıb. Şöbələr ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunub. Yalnız bir və iki nəfərlik palatalar, 24 və 6 yerlik iki dializ zalı, intensiv terapiya və əməliyyat otaqlarında yaradılan şərait əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərilmək imkanlarını daha da artırıb.

Dünən açılışı olan digər tibb müəssisəsi isə, Səhiyyə Nazirliyinin ElmiTədqiqat Pediatriya İnstitutunun növbəti korpusu olub. Burada ən yüksək standartlar səviyyəsində yenidən qurulmuş cərrahiyyə bloku, 50 çarpayılıq reanimasiya zalı, kuvez-inkubatorlar istifadəyə verilib. Şöbələrin hər birində qurulan biomonitorlar, süni tənəffüs aparatları, eləcə də ekspress diaqnostika labaratoriyaları dünyanın ən qabaqcıl yeni nəsil avadanlıqlarındandır. Xəstəxanada yeni doğulan körpələrin reanimasiyası və intensiv müalicəsi üçün bütün zəruri şərait yaradılıb. Görülən işlər ölkə başçısının insanların sağlamlığına, səhiyyə sisteminin inkişafına və infrastrukturunun müasirləşməsinə göstərdiyi böyük diqqət və qayğının daha bir nümunəsidir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər