11 Avqust 2022 17:00
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin təşəbbüsü ilə avqustun 11-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında səfirlə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Xanım Qo Min Çinin Azərbaycanı dost və tərəfdaş ölkə olaraq gördüyünü, daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib. O, son zamanlar Tayvan ətrafında yaranmış gərgin vəziyyətlə bağlı rəsmi Pekinin mövqeyini çatdıraraq Vahid Çin prinsipinin əhəmiyyətini vurğulayıb.

YAP Sədrinin müavini Tahir Budaqov qeyd edib ki, ərazilərinin bir hissəsi 30 ilə yaxın müddətdə işğal altında qalmış, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş Azərbaycan beynəlxalq hüququn təməlində dayanan suverenlik və ərazi bütövlüyü prinsiplərinə hər zaman önəm verib. Bu baxımdan, Azərbaycan Çinin ərazi bütövlüyünə, Vahid Çin prinsipinə dəstəyini dəfələrlə ən yüksək səviyyədə ifadə edib və bu gün də eyni mövqedədir. Eyni zamanda, Cənubi Qafqazda sülh və etimad quruculuğu məsələsindən danışan Tahir Budaqov Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərini, o cümlədən qanunsuz silahlı birləşmələrin Qarabağ bölgəsindən çıxarılması və Zəngəzur dəhlizinin reallaşdırılması ilə əlaqədar öhdəliklərini hələ də yerinə yetirmədiyini vurğulayıb. O, bununla bağlı İrəvana beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini qeyd edib, bu məsələdə Çinin də Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyinə ümidvar olduğunu bildirib. Bundan əlavə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin görüldüyünü diqqətə çatdıran YAP Mərkəzi Aparatının rəhbəri Çin şirkətlərinin bu işlərdə fəal iştirakına geniş imkanların olduğunu söyləyib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri də müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər